Qubada “Dövlət-din münasibətlərində Heydər Əliyev məfkurəsi” adlı tədbir keçirilib
05 may 2022, 08:02

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi və Quba şəhəri “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Quba şəhər “Cümə” məscidində “Dövlət-din münasibətlərində Heydər Əliyev məfkurəsi” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba şəhəri “Cümə” məscidi dini icmasının sədri, məscidin imamı Ənvər Səidov, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak edib.

Çıxışlar zamanı qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmdə dövlət-din münasibətləri yüksək səviyyədə inkişaf edib, dini sahəyə diqqət və qayğı açıq şəkildə hiss olunub. Çıxışlarda o da vurğulanıb ki, Ulu Öndər kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin açdığı yola sadiq qalaraq dövlət-din münasibətlərini ən yüksək səviyyədə diqqətdə saxlayır. Bildirilib ki, dini ibadət ocaqlarının təmiri və tikintisi, din xadimlərinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə maddi yardımların verilməsi göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat iştirakçılara hədiyyə edilib.