Martın 29-da Quba Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba Soyqırımı memorial kompleksi və Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazılığının birgə təşəbbüsü ilə din xadimləri və dini icma sədrlərinin Soyqırımı memorial kompleksinə ziyarəti təşkil olunub.
Soyqırımına məruz qalmış həmvətənlərimizin əziz xatirəsi anılıb, ruhlarına dualar oxunub. Məlumat verilib ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olub. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verib. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, soyqırımına məruz qalmış əhalinin kütləvi məzarlıqlarının olduğu yerdə inşa edilib və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Daha sonra ziyarətçilər Soyqırımı Memorial Kompleksində əməkdar rəssam Adil Şıxəliyevin əsərlərindən ibarət, soyqırımının dərin təsirini əks etdirən “Mələklərin fəryadı” adlı sərgisi ilə tanış olunublar.