Qubada “Azərbaycançılıq ideologiyasının əhəmiyyəti: birlik və vəhdət körpüsü” mövzusunda tədbir keçirilib
10 fevral 2026, 16:56

Fevralın 9-da Quba rayonunun Pirvahid kəndində “Azərbaycançılıq ideologiyasının əhəmiyyəti: birlik və vəhdət körpüsü” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba rayonu R. Dadaşov adına Pirvahid kənd tam orta məktəbinin direktoru Elmar Hüseynov, məktəbin psixoloqları, müəllimləri və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti və özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrlər boyu formalaşaraq nəsildən-nəslə ötürülən bu dəyərlərin qorunub saxlanılması, yaşadılması və inkişaf etdirilməsi hər bir vətəndaşın doğma xalqı qarşısında mənəvi borcu və müqəddəs vəzifəsidir. Qeyd olunub ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə və qədim adət-ənənələrinə daim sadiqlik nümayiş etdirir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gənclərin fikir və təklifləri dinlənilib.