Qobustan rayonunda “İslam həmrəyliyi və radikalizm; əks qütblər” mövzusunda tədbir keçirilib
11 aprel 2017, 09:57
Apreli 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin, Qobustan Rayon İcra Hakimiyyətinin və Qobustan Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və radikalizm; əks qütblər” mövzusunda tədbir keçirilib. Qobustan rayonu Nabur kənd tam orta məktəbində keçirilən tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan şəhəri “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Nabur kənd bələdiyyəsinin sədri Şükür Şükürov, kənd məscidində yeni yaradılan dini icmanın sədri Babaxan Xocaməmmədov, məktəb rəhbərliyi, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasından, xalqımızın tolerantlıq ənənələrinin bu gün dünya ölkələrinə nümunə olmasından bəhs edib. Natiq öz çıxışında radikal cərəyanların hər zaman bu tolerantlıq ənənələrini pozmağa çalışdıqlarını, onlara qarşı daim mübarizə aparılmalı olduğunu xüsusi qeyd edib.
Digər çıxışçılar isə ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin, multikultural dəyərlərin bir sıra dünya ölkələrində artıq öyrənilməyə başlanılmasından, Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə ölkəmizin böyük və şərəfli bir missiyanı üzərinə götürməsindən bəhs edərək dövlətimizin dindarlara yaratdığı şəraiti vurğulayıblar.
Məktəbin direktor müavini Nadir Babayev bu cür tədbirlərin məktəblilərin maarifləndirilməsi istiqamətində mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək şagirdlər arasında zərərli cərəyanların yayılmasına qarşı hər zaman mübarizə apardıqlarını bildirib.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.