Ünvan: Quba rayonu, Qırmızı qəsəbə, İsaak Xanukov küçəsi, 26
Sinaqoq Cənubi Azərbaycanın Gilan vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilmişdir və memarı Gilel ben Xaim olmuşdur. Onun adı bu gün də məbədin kərpic fasadında həkk olunmuşdur. Özül daşındakı yazıya əsasən, məbəd 1896-cı ildə tikilmişdir, lakin giriş qapısının üzərində yerləşən başqa bir lövhədə isə "1857-ci il" tarixi qeyd olunmuşdur. Dördsütunlu dam üzərində ucalan ensiz, altıguşəli günbəz Giləki sinaqoquna özünəməxsus gözəllik qatır. Binada İsrailin on iki qəbiləsinə uyğun olaraq 12 pəncərə mövcuddur. Tarixi mənbələrə görə, bir zamanlar sinaqoqun yanında bulaq da olmuşdur. Ehtimal edilir ki, Qubada XIX əsrin birinci yarısında tikilmiş məscid bu sinaqoq üçün memarlıq baxımından prototip rolunu oynamışdır, çünki Giləki məbədinin altıguşəli günbəzi əvvəllər şüşədən ibarət olmuş və dua otağına təbii işıq salmışdır. Analoji dam örtüyü Quba məscidində də müşahidə olunur. Keçmişdə dağ yəhudilərinin digər məbədlərində olduğu kimi, burada da qadınlar üçün ayrıca otaqlar nəzərdə tutulmamışdı; onlar əsasən bayram günlərində sinaqoqun həyətində ibadətdə iştirak edirdilər. Hazırda isə qadınların da bayramlarda məbədə daxil olmasına icazə verilir.