Ünvan: Quba rayonu, Qırmızı Qəsəbə, İsaak Xanukov küçəsi, 9
Sinaqoq 1888-ci ildə memar Gilel ben Xaim tərəfindən inşa edilmişdir. Onun altı günbəzi (6 guşəli olması) Qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələduz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində buraya köçmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır. Böyük ibadət zalı Şərq memarlıq üslubunda tikilmiş qədim bir abidədir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır və hündürlüyü 7 metr olmaqla Avropada təkrarı olmayan, Yerusəlimə baxan qibləgahdır. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır. Pəncərələr altıguşəli ulduz şəklində palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılmış və 2000-ci ilin oktyabrında başa çatdırılmışdır. Hazırda məbəd dindarların istifadəsindədir və onun zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx mövcuddur.