Qırmızı monastır (XIII əsr), Qozlu kəndi
19 aprel 2021, 06:34

Tarixi-memarlıq abidələri ilə zəngin Qozlu kəndində daha bir alban məbədi, dövrünün qiymətli yadigarlarından olan Qırmızı monastır yerləşir. Bu tarixi-memarlıq abidəsi Kəlbəcər rayonunun Qozlu kəndindən 3 km aralıda, meşənin içində, sıldırım qayalıqların üstündə inşa edilmişdir. XIII  əsr alban memarlıq abidəsi olan Qırmızı monastır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Epiqrafik yazılarla zəngin olmuş monastır ərazisində vaxtilə iyirmiyə yaxın kitabə mövcud olmuşdur. Monastırın divarlarının müxtəlif yerlərində divara hörülmüş daş lövhələrdə, portal timpanlarında və xaçdaşlarda yerləşdirilmiş kitabələrin məzmunu barədə məlumat verilmişdir. Kitabələrdə abidənin inşa tarixi, həmçinin Yuxarı Xaçın hakimləri barədə məlumatlar var. Kilsə və narteksin divarlarındakı kitabələrdən məbədin 1224-cü ildə tikildiyi və 1259-cu ildə isə bərpa edildiyi məlum olur. Qırmızı monastırın əsas kilsəsinin XIII əsrdə bərpa edildiyi yazılır.

Əsas kilsə binasının şimal divarına hörülmüş kitabədən məlum olur ki, “kilsə 1224-cü ildə Vaxtanqın oğlu, Həsənin qardaşı tərəfindən tikdirilmişdir. Kilsə Həsənin qardaşı oğlu Qriqorun xidmətinə verilmişdir.” Kilsənin cənub divarına hörülmüş ikinci inşaat kitabəsində isə kilsənin başqa bir tarixdə və başqa bir sifariş əsasında tikildiyi göstərilir. Həmin kitabədən kilsənin 1259-cu ildə Amaras yepiskopu Qriqor tərəfindən bərpa edildiyi məlum olur. Hər iki kitabədə Sakar oğlu Qriqorisin adı xatırlanır. 1224-cü ildə kilsənin xidmətinə verilən Qriqoris 1259-cu ildə artıq kilsə rahibi kimi xatırlanır. Kitabələrdə həmçinin Xaçın hakimi Həsən Cəlal sülaləsinin Zar kilsəsi ilə əlaqələrindən də bəhs edilir. Zar kilsəsindəki kitabədə Xaçın sülaləsindən, knayzlar knayzı Sərkis və Mamkan, Qriorisin anası Xorişədən bəhs edilir. Alban knyazı Həsənin Zar kəndini çox sevdiyini yazır. Kilsənin Zar sülaləsinin nümayəndələri tərəfindən tikildiyi məlum olur. Mənbələrdə adı Sakar və ya Sakr kimi qeyd edilən şəxs, Zar kəndinin knyaz sülaləsinin rəhbəri olmuşdur. Monastır ərazisindəki xaçdaşlardan biri üzərində həkk edilmiş kitabədə bu kilsənin Müqəddəs Qriqori monastırı olduğu qeyd edilir. Xaçdaşın kitabəsində həm də Sakarın monastıra bəxşişlərindən bəhz olunur. Monastır kompleksi əsas böyük kilsə binası, ona bitişik narteks, sövmə, hücrələr və digər mülki tikililərin qalıqlarından ibarətdir. Əsas kilsə binası planda kiçik tağtavanlı zaldan ibarətdir, qərbdən narteks, cənub-şərqdən isə sovməə ilə əhatə olunmuşdur. Kilsənin cənub və şimal divarları çox qalındır. Narteksin divarlarında içəri tərəfdən yaradılmış nişlər vasitəsiylə divar içindəki saxlama otaqlarına keçmək mümkündür. Qırmızı monastır IX əsrdən etibarən Ərəb xilafətinin zəifləməsilə bərpasına və genişləndirilməsinə başlanan, dağılmış və zədələnmiş erkən orta əsr kilsələrindən olmuşdur. Belə kilsələrin genişləndirilməsi üçün əsas binaya müxtəlif variantlarla yan otaqlar əlavə edilirdi. Xudavəng, Xatırəvəng, Vaquas kimi bir çox erkən xristianlıq dövrünə aid alban məbədləri üçün səciyyəvi olan belə memarlıq həlli yalnız Qafqaz Albaniyası memarlıq abidələrində müşahidə olunur.

Bu mərhələdə Qırmızı monastırın da genişləndirilməsi üçün ona müxtəlif formada əlavələr edilmişdir. Monastırın kiçik zal kilsəsinin həcminin böyüdülməsi üçün ona yalnız Qafqaz Albaniyası memarlığı üçün xarakterik olan memarlıq kompozisiyasına xas qərb tərəfdən və tikilinin eni boyunca düzbucaqlı formalı yan otaqlar əlavə edilmişdir. Belə kompozisiya nümunəsini Qırmızı kilsənin yaxınlığında yerləşən (3 km) Vaquas kilsəsində də görmək mümkündür. Kilsə əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq ağ və narıncı əhəngdaşından tikilib. Tikintidə iri qaya daşlarından da istifadə olunub. Kompleksə daxil olan bütün tikililər alban kilsələrinin inşaat texnikası üçün səciyyəvi olan kobud yonulmuş yerli daşlardan inşa edilmişdir.

Səliqəli cilalanmış daşlardan isə yalnız, nişlər, qapı və pəncərə yerlərinin haşiyələrində istifadə olunmuşdur. Kilsə divarlarınını tikintisində üzərində epiqrafik yazılar olan daşlardan da istifadə edilmişdir. Monastır ərazisindəki xaçdaşların hazırlanmasında Tərtər çayı vadisi üçün xarakterik olan çəhrayı daşlardan istifadə olunmuşdur. Qırmızı monastırın ətafında yüksək sənətkarlıq xüsusiyyətlərinə malik, zəngin bədii ornamentli xaçdaşlar olmuşdur.

Qırmızı kilsə XIX əsrədək yaxşı vəziyyətdə olmuşdur.