Qırmızı kilsə Xocavənd rayonunun Tuğ və Binə kəndlərinin arasında, kiçik təpə üzərində yerləşir. Bu tarixi-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Dövlət əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsənin inşa kitabəsi X əsrə aiddir. Kitabə kilsənin qərb qapısı üzərində aşkar edilib. Kitabədə deyilir: “1000-ci ilin yayında, Musanın oğlu Qaqikin hakimiyyəti dövründə mən, Musanın qızı Voski özüm və valideynlərimin ruhunu xilas etmək üçün Tanrı evini tikdirdim.
Qırmızı kilsə memarlıq və bədii dəyəri baxımından böyük əhəmiyyətə malik olmaqla yanaşı Qafqaz albanlarının tarixi şəxslərinin adlarını qoruyub saxlamış ən erkən tarixə malik kitabəsi olan abidə kimi də böyük əhəmiyyət daşıyır. Kilsə binası ümumilikdə 11 metr uzunluq və 6.45 metr enə malik kiçik olçülü bazilikadır. Alban memarlığı üçün Ərəb istilasından əvvəlki dövrə aid birnefli bazilikalarla müqayisədə X əsrdə ölçülərinin daha kiçik olması səciyyəvi idi. Qırmızı kilsə bu tip tikili nümunəsidir. Ərəb istilası dövründə Qafqaz Albaniyasında dövlətçiliyin və xristian dininin dövlət dini statusunu itirməsi, rəsmi ideologiyadan məhrum edilmə, ibadətçilərin sayının qəfil azalması və sonradan alban əhalinin tədricən deetnizasiyası alban dini memarlığının iqtisadi və siyasi əsasını da dəyişdimişdi. Bu dövrdən etibarən keçmiş Qafqaz Albaniyası ərazisində xristian dini memarlıq nümunələrinin sayının ciddi azalmaları ilə yanaşı daha kiçik və sadə sövmə tipli kilsələr inşa olunmaqda idi. Qırmızı kilsə də məhz bu dövrdə inşa olunan kilsələrdən idi. Kobud işlənmiş daşlardan inşa edilmiş kilsə cənub və qərb divarlarında yerləşən iki qapıya malikdir.
Kilsənin dam örtüyü və cənub divarı dağılmışdır. Ətrafda kilsəni əhatə etmiş digər tikililərin xarabalıqları və təpəni əhatə edən qala divarlarının qalıqları müşahidə olunur.