Qeyri-müsəlman dini icmaların nümayəndələri Şəmkirə səfər ediblər
23 may 2023, 03:02

May ayının 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən qeyri-müsəlman dini icmaların üzvləri Şəmkir rayonuna səfər ediblər.

Səfər çərçivəsində DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Komitə əməkdaşları, eləcə də dini konfessiyaların nümayəndələri Alman Lüteran kilsəsini ziyarət ediblər.

Qonaqlara kilsə haqqında məlumat verilərək bildirilib ki, 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə 2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində yenidən bərpa olunub, ərazisi abadlaşdırılıb. Hazırda tarixi abidə kimi qorunan kilsənin ərazisi 10 hektardır.

Qeyd edək ki, qeyri-müsəlman dini icmaların üzvləri mayın 23-də Kəlbəcər rayonunda Xudavəng məbədini ziyarət edəcəklər.