Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar respublikamızın şimal bölgəsinə səfər çərçivəsində ölkəmizdə fəaliyyət göstərən qeyri-islam dini icmalarının üzvləri martın 27-də Qusar Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak edib. Qonaqlara Mədəniyyət Mərkəzinin, eləcə də rayonun özfəaliyyət kollektivi barədə geniş məlumat verilib. Qeyri-islam dini icmalarının üzvləri daha sonra Qusar Dövlət Rəsm Qalereyasını ziyarət ediblər. Bildirilib ki, 1986-cı ildə rayonun Hil kəndində fəaliyyətə başlayan Qalereya 1998-ci ildə Qusar şəhərinə köçürülüb. Vurğulanıb ki, Rəsm Qalereyasının fondu 152 əsərdən ibarətdir. Bunlardan 7 əsər heykəltaraşlığa, 34 əsər qrafikaya, 111 əsər isə boyakarlığa aiddir. Hazırda qalereyanın ekspozisiya zallarında 40 əsər nümayiş olunur.
Qusar şəhərindəki soyqırımı abidəsinin ziyarəti zamanı isə qonaqlara barədə ətraflı məlumat verilərək bildirilib ki, 1918-ci ildə Qubanın Qanlı dərə adlanan ərazisində öldürülən dinc insanların xatirəsinə həsr olunan kompleksin 2009-cu il sentyabr ayının 18-də açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.