Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qəbələ şəhər Dövlət Peşə Təhsil Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İsmayılov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri var. Vurğulanıb ki, Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.