Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Qəbələ rayonu Hacıalılı kənd məscidində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib.
Din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb. Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Vətənpərvərlik milli və mənəvi dəyərlər kimi” mövzusunda videoçarx nümayiş edilib.
Daha sonra Dövlət Komitəsinin Şəki regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov çıxış edərək ölkəmizdə dinlər və məzhəblərarası qarşıdurmaların baş vermədiyini, eyni zamanda milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmədiyini və hər kəsin vicdan azadlığına təminat verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O da qeyd edilib ki, bir çox xalqların və müxtəlif dini konfessiyaların nümayəndələri respublikamızda birgə yaşayır və sərbəst ibadət edirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.