Qazaxda və Saatlıda maarifləndirmə tədbiri keçirilib
17 dekabr 2025, 16:34

Dekabrın 11-də Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu" ilə bağlı tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Kəmalə Cəfərova, Rayon Polis Şöbəsinin əməkdaşı Bəhruz Zamanov, rayon prokurorunun köməkçisi Aidə Nəzərli, müəllimlər və şagirdlər iştirak edirdilər.
Çıxışlarda suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik milli-mənəvi dəyərlərin gücünü bir daha sübut edib. Bildirilib ki, vətənpərvərlik ruhu cəmiyyətin daha da möhkəmlənməsinə xidmət edir.

Dekabrın 17-də Saatlıda “Sosial mediada dini radikalizmin yayılmasına qarşı mübarizə metodları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxış edənlər müasir dövrdə dini radikalizm və ekstremizmin bəşəriyyət üçün olduqca təhlükəli qlobal problemlərdən birinə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, sosial media platformaları bu kimi ideologiyaların sürətlə yayılmasına əlverişli mühit yaradır.