İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Qazax rayonunun Qaymaqlı kənd tam orta məktəbində “Dini dözümlülük və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Rüstəmov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Polis Şöbəsinin təşkilat inspektoru Müşviq Mürsəquliyev, Qaymaqlı kənd tam orta məktəbinin direktoru İradə Gürzalıyeva, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, insan hüquqlarına hörmət və hüquq bərabərliyi üzərində qurulmuş multikultural dəyərlərin təbliği cəmiyyətin sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İnsan ləyaqətinə hörmətin, hüquqların qorunmasının və humanizm prinsiplərinin cəmiyyətdə geniş təşviq olunması vacib amillərdəndir.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.