Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər D.Əliyeva adına 1 №-li tam orta məktəbdə “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri” adlı seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov, Qax rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı uşaqların humanist, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyi vurğulanıb. Zərərli vərdişlərdən uzaq, zorakılığa və ya istismara məruz qalmadan, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib bir fərd kimi formalaşmasında onlara göstərilən diqqət və qayğının önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dövlətimizin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində atdığı mühüm addımlardan bəhs edilərək, dini fanatizmin və dini radikalizmin humanizmə, milli-mənəvi dəyərlərimizə vurduğu zərərlər barədə danışılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.