Qaxda “Korrupsiya ilə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir olub
28 iyul 2026, 14:52

İyulun 28-də Qax rayon Heydər Əliyev Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Korrupsiya ilə mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki-Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qax rayon Qazılığının birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax RİH başçısının müavini Vəfa Heydərova, QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışçılar korrupsiyanın vətəndaş cəmiyyətinin və iqtisadiyyatın inkişafına mənfi təsir göstərdiyini, sosial ədalətin pozulmasına səbəb olduğunu bildiriblər. Tədbirdə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və müvafiq normativ-hüquqi aktların bu sahədəki mühüm rolu vurğulanıb. Eyni zamanda nəzərə çatdırılıb ki, korrupsiya ilə mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalı, təhsil, maarifləndirmə, etik dəyərlərin təbliği və vətəndaş cəmiyyətinin, o cümlədən dini icmaların bu prosesdə fəal iştirakı ilə dəstəklənməlidir.

Tədbir iştirakçıların mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.