Qaxda “Erkən nikah, hüquqi və mənəvi müstəvidə” mövzusunda seminar keçirilib
25 oktyabr 2024, 09:53

Oktyabrın 25-də Qax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin və Qax şəhər məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Erkən nikah, hüquqi və mənəvi müstəvidə”  mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi, Qax şəhər məscidinin imamı və dini icma sədri Hacı Əsgərov, Qax şəhər məscidinin imamı Musa Əliyev, eyni zamanda dini icma üzvləri və rayon dindarları iştirak edib.

Seminarda çıxışlar zamanı erkən nikahın yaranmasına səbəb olan amillər və erkən nikahın yaratdığı fəsadlardan  bəhs edilib. Eyni zamanda, erkən nikahın psixoloji və fiziki baxımdan fərdlərə zərər verməsi hallarının gələcək həyatlarına mənfi mənada təsir etdiyi vurğulanıb.  Bu kimi neqativ halların olmaması, zərərli vərdişlərin cəmiyyətdə yayılmaması üçün hər kəsin  təbliğat işində aktiv olması bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir qarşılıqlı diskussiya və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.