Qax, Zaqatala və Balakən rayonlarında Ramazan ayının başlaması ilə bağlı tədbirlər keçirilib
01 aprel 2022, 03:44

30-31 mart tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax, Zaqatala və Balakən Rayon İcra Hakimiyyətləri (RİH), Qafqaz Müsəlmanları İdarəsinin Qax, Zaqatala və Balakən rayon qazılıqlarının birgə təşkilatçılığı ilə Ramazan ayı öncəsi qarşıda duran vəzifələrə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşları Tərlan Nəzərov, Elməddin Atakişiyev, Ruslan Əfəndiyev, Zaqatala  və Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri – dini qurumlarla işin təşkilatçıları Ramin Həsənov, Fariz Nəcəfov, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, rayonların dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Keçirilmiş tədbirlər ilk öncə  Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyü uğrunda şəhid  olmuş həmvətənlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra QMİ-nin Qazılar Şurasının Fətvası oxunub. İmamlara Qax, Zaqatala və Balakən rayonları üzrə Ramazan təqvimləri paylanılıb. Ramazan ayında dini radikalizm və xurafatla daha ciddi şəkildə mübarizə aparılması, mənəvi dəyərlərimizin fəal şəkildə təbliği, dini maarifləndirmə işinin düzgün təşkil edilməsi istiqamətlərində  din xadimlərinə tövsiyələr verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.