Qaradağda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
15 oktyabr 2025, 17:40

Oktyabrın 15-də Qaradağ rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, bölmənin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyəti, 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın mahiyyəti, bu istiqamətdə xalqımızın göstərdiyi mübarizə və əzm diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan xalqı azad və suveren yaşamaq haqqını dönmədən müdafiə etmiş, bu yolda şəhidlər vermiş, lakin öz müstəqilliyini əbədi və dönməz edib. Qeyd edilib ki, müstəqillik yalnız tarixi fakt deyil, eyni zamanda böyük məsuliyyət, milli birlik və milli mənəvi dəyərlərə sahib çıxmaq deməkdir.