“Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.
Dövlət başçısı deyib ki, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır: “Əziz Qardaşımın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”.
Azərbaycan Prezidenti vurğulayıb ki, İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. “Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bu gün əziz Qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır",- deyə dövlət başçısı əlavə edib.
(AZƏRTAC)