Prezident İlham Əliyev: “Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək”
29 mart 2023, 01:26

“Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir” Bu fikirləri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik: “Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır. Bununla yanaşı, bildirməliyəm ki, Güləbird və Qorçu kəndlərinin Baş planı mənim tərəfimdən təsdiqləndi”

Azərbaycan Prezidenti vurğulayıb ki, Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yəni, gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə - bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik. “Onu da bildirməliyəm ki, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək,- nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var,- bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”-, deyə Azərbaycan Prezidenti əlavə edib.

 

(AZƏRTAC)