Prezident İlham Əliyev: "Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər"
28 noyabr 2022, 03:34

Dövlət başçısı: "Azərbaycanda şiə və sünni olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var"

 

“Bizim güclü inamımız və ölkənin inkişafı ilə bağlı burada gördüyümüz işlər, eləcə də cəmiyyətə verdiyimiz mesajlar ondan ibarətdir ki, din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi həyata müdaxilə etməməlidir. Kimsə siyasi İslam barədə danışanda biz başa düşmürük. Bu, Azərbaycanda adi hal deyil. Düşünürəm, bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq”. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, bizim indi Qarabağda gördüyümüz işlər, hava limanları ilə yanaşı, məscidlərin, o cümlədən İran şirkətlərindən biri tərəfindən qanunsuz şəkildə bərpa edilmiş, lakin zədələnmiş Şuşadakı məscidin bərpasından ibarətdir: “Bu, böyük qalmaqal idi. Biz o zaman hətta İran səfirini Xarici İşlər Nazirliyimizə dəvət edərək dedik ki, sizin bunu etməyə haqqınız yoxdur, ona toxunmağa haqqınız yoxdur. Sizin hər şeydən əvvəl bizim razılığımız olmadan Azərbaycanın bir hissəsi olan Şuşaya səfər etməyə belə haqqınız yoxdur. Bu, Qarabağ və Zəngəzurda 67 məsciddən 65-ni dağıtmış ermənilərlə həmrəylik nümayişi idi. Onlar Ağdamda bir məscidi, – siz onu görəcəksiniz, - inək və donuzlar üçün tövlə kimi, minarəni isə Azərbaycan qoşunlarını görmək üçün müşahidə məntəqəsi kimi istifadə edirdilər. Şuşadakı məscid ermənilərin saxta tolerantlığını nümayiş etdirmək üçün guya yenidən qurulmuşdu və onlar onu fars məscidi adlandırmışdılar. Birincisi, məscidlərin milliyyəti olmur. Fars və ya başqa ad verə bilməzsiniz. Bu, bizim tariximizin bir hissəsidir və bizim heç birimiz bunu unutmamışıq. Ona görə də, qeyd etdiyim kimi, din siyasi həyatdan ayrı olmalıdır, bizim modelimiz budur. Bu modelin uğurlu olduğu sübut edilib”.

Prezident bildirib ki, Azərbaycanda müsəlmanların dininin hansı təriqətinə aid olmalarından - şiə və sünni olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var: “Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər. Əgər onların hamısı azərbaycanlıdırsa, biz onları necə ayıra bilərik. Eyni qan, eyni etnik mənsubiyyət. Bu, bəlkə də Azərbaycanda verilən ən son sualdır. Siz bizim ölkəmizi çox yaxşı tanıyırsınız. Biz hamımız müsəlmanıq və aramızda heç bir bölgü yoxdur. Müsəlman dünyasını parçalamaq istəyənlər bütün müsəlmanlara böyük ziyan vururlar. Müsəlman dünyası birləşmiş olmalıdır. Biz nə edirik? Biz öz səylərimiz, təşəbbüslərimiz, bəyanatlarımız və siyasətimizlə buna töhfə veririk. Bu səbəbdən düşünürəm ki, bugünkü dünyada ənənəvi müttəfiqliklər genişləndirilə bilər”.

 

(AZƏRTAC)