Prezident İlham Əliyev: “Azərbaycan tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi”
28 dekabr 2017, 03:12
“Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır”. Bu fikirlər Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində öz əksini tapıb. Dövlət başçısının sözlərinə görə, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.
Ölkə Prezidenti vurğulayıb ki, qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. “Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan verib”.