Prezident İlham Əliyev: "Atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərbaycan bir yerdədir"
01 may 2023, 02:41

Atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərbaycan bir yerdədir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib.

Bir neçə gündən sonra Azərbaycan xalqının çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcəyini xatırladan dövlətimizin başçısı bildirib: “Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə etmək istəyirəm, bir yumruq!”.

Eyni zamanda Prezident İlham Əliyev qeyd edib ki, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi.

Prezident İlham Əliyev bildirib ki, ikinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.