Prezident İlham Əliyev: "30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib”
02 mart 2022, 09:27

“Bir neçə il bundan əvvəl Katolikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur.” Bu fikirləri Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə bildirib.

Dövlət başçısı qeyd edib ki, narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var: “Çünki təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib”.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir.