Pirəkəşküldə yerləşən hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusu müzakirə olunub
18 iyul 2022, 16:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq iyulun 18-də Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Dini maaarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi Vüqar Səmədov, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aİİ-nin müəllimi Vüqar Səmədov çıxışında qeyd edib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin müqəddəs borcudur. Öz Vətənini sevən hər bir kəs onun uğrunda canından belə keçməyə hazır olmalıdır. V. Səmədov vurğulayıb ki, şəhidlik ən yüksək zirvə və vətənpərvərlik hissinin təcəssümüdür.

Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mənəvi dəyərlərimiz və millik birlik mövzusuna toxunaraq qeyd edib ki, Azərbaycan xalqı hər zaman mənəvi dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Natiq vurğulayıb ki, tarixin hər bir dövründə ölkəmizdə dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. R. Əsgərovun sözlərinə görə, mənəvi dəyərlərimiz milli birliyimizin möhkəmlənməsində də əvəzsiz rola malikdir: “Bu, 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Xalqımız milli birlik nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi”,- deyə şöbə müdirinin müavini əlavə edib.

Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov isə bildirib ki, İslam dini insan həyatına böyük dəyər verir. Dinimizə görə, insan Allahın ona bəxş etdiyi həyatda müvəqqəti çətinlik və sıxıntılar qarşısında səbir göstərməlidir. N. İmanov bildirib ki, insanın qarşılaşdığı problemlər onu Allaha daha da yaxınlaşdırmalıdır.

Tədbir diskussiya şəklində davam edib.