Pirallahı rayonunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
29 aprel 2016, 09:23
Aprelin 28-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  birgə təşkilatçılığı ilə Pirallahı rayonu 243 nömrəli tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli”  mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Novruz Nuriyev və Nurlan Əzizov, Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, 243 nömrəli tam orta məktəbin direktoru Vaqif Tarverdili, Pirallahı rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fəxrəddin Babayev, Pirallahı rayon Ağsaqqallar şurasının üzvü Səməd Əhmədov, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 243 nömrəli tam orta məktəbin direktoru Vaqif Tarverdili Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək, məktəblərdə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev dini radikalizmin mahiyyəti haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, Pirallahı rayonunda müxtəlif xalqların nümayəndələrinin yaşamasına baxmayaraq burada tolerantlıq mədəniyyəti yüksək səviyyədə qorunub saxlanılır. Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə etiqad edənlərin azad yaşadığı bir ölkədir. Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm anlayışı, multikulturalizm sahəsində ölkəmizdə görülən işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, xalqımızın tarixi köklərinə   dayanan bir həyat tərzidir. Azərbaycanda tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər.
Sonda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.