“Peşə marağı milli təhlükəsizlik marağından önə keçməməlidir”
28 dekabr 2017, 08:27
Yaqut Əliyeva: “Dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir”
“Müasir dünyamızda dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir və dünyanın bütün qabaqcıl ölkələrində məhz bu cür qəbul edilir”
Moderator.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva bildirib. Y.Əliyevanın sözlərinə görə, bu gerçək media orqanları tərəfindən də unudulmamalı və onlar peşə marağının milli təhlükəsizlik marağından önə keçməsinə yol verməməlidir:
“Dini təhlükəsizlik bu gün bəşəriyyətin diqqət yetirdiyi ən mühüm amillərdən biridir. Çünki dini təhlükəsizlik milli təhlükəsizliyin çoxsaylı komponentlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də media əməkdaşlarının da sözügedən məsələdə diqqətli olması zəruridir. Söhbət milli təhlükəsizlikdən, onun təminatından gedirsə, peşə marağı, habelə digər bir maraq bu məsələdə önə keçə bilməz və keçməməlidir. Çünki bu, bilavasitə təhlükəsizliklə bağlı bir məsələdir və hamımız bu təhlükəsizliyin təmininə öz töhfəmizi verməliyik”.