Ombudsman Aparatının nümayəndəsinin iştirakı ilə DQİDK-da tədbir keçirilib
20 dekabr 2024, 09:39

Dekabrın 19-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasının akt zalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə Azərbaycan Respublikası Prezidentinin 27.12.2011-ci il tarixli 1938 nömrəli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamının 4.8-ci bəndi “YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlilliyi olan şəxslər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV / AİDS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması” ilə bağlı tədbir təşkil edilmişdir. Tədbirdə DQİDK tərəfindən sədrinin köməkçisi Fərhad Yaqubov, Dövlət Komitəsinin şöbə müdirləri və əməkdaşları iştirak ediblər. Dövlət Komitəsi sədrinin köməkçisi F.Yaqubov tədbirin mahiyyətindən danışıb. O, çıxışında bildirib ki, Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” ötən dövr ərzində insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Bunun ardınca isə ölkə Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli növbəti Sərəncamına əsasən insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (MFP) təsdiq edilmişdir.
Daha sonra çıxış edən Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov təlimçi qismində cəlb olunduğu bu tədbirdə iştirakçılara təhsil sahəsində inklüzivliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən YUNESKO-nun “Təhsil hamı üçün” prinsipi, habelə insan hüquqları və azadlıqlarının mahiyyəti, əhalinin müxtəlif qruplarının hüquqları, bununla bağlı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər, beynəlxalq müqavilə qurumlarının fəaliyyəti, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsmanın mandatı və ona verilən yeni səlahiyyətlər barədə ətraflı məlumat verilmişdir. Bundan əlavə, diqqətə çatdırılmışdır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri arasında 4-cü məqsəd olaraq hər kəs üçün keyfiyyətli və inklüziv təhsilin təmini, həmçinin ömür boyu təhsilin təşviq edilməsi əsas prioritet kimi müəyyən edilmişdir.