Azərbaycandakı müsəlman dini icmaları ilə yanaşı, qeyri-islam dini icmaları tərəfindən də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
“Vineyard Azərbaycan” xristian dini icması, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Xilaskar Yevangelik-Lüteranların Bakı dini icması, “Həyat Sözü-2” Sumqayıt xristian dini icmasının nümayəndələri Xətai rayonunda yerləşən “Ana fəryadı” abidəsini ziyarət edib, abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
***
Gəncə şəhər Yəhudi dini icması, Yeddinci Günün Adventistləri xristian dini icması, Sumqayıt şəhərində yerləşən “Alov kilsəsi” xristian dini icması, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, “Sumqayıt Yəhudiləri” dini icması, eləcə də Qobustan rayon Hilmilli kənd "Molokan ruhani-xristian" dini icması tərəfindən anım mərasimləri təşkil edilib. Mərasimlərdə Xocalı qurbanlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub.
***
Azərbaycan Alban-Udi xristian dini icmasının üzvləri Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsində yerləşən alban kilsələrini ziyarət ediblər. Faciə qurbanlarının və şəhidlərimizin ruhlarına şamlar yandırılıb, dualar oxunub.
***
Avropa Yəhudilərinin Bakı Dini İcması, eləcə də Xabad-Or-Avner Təhsil Mərkəzi tərəfindən Xocalı faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib.
Qeyd edək ki, anım mərasimlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.
Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.