Oğuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
03 may 2023, 08:09

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz Rayon Təşkilatı,  Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə  rayonun peşə məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, peşə məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Çıxışlarda qeyd olunub ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Bildirilib ki, ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. 

Tədbirin sonunda  tələbələrin  iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.