Avqustun 25-də Oğuz şəhəri “Cümə” məscidində "Sülh aylığı" çərçivəsində “Dini müxtəliflikdə sülh və birgəyaşayış mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Samir Salehov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Ayaz Ağayev, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, dini müxtəlifliyə ehtiram cəmiyyətdə sülh, qarşılıqlı etimad və həmrəyliyin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. Müxtəlif dini dünyagörüşünə sahib insanların bir-birinə anlayış və hörmətlə yanaşması sağlam ictimai münasibətlərin formalaşmasına əlverişli zəmin yaradır. Bildirilib ki, tolerantlıq yalnız fərqli dini və dünyagörüşü mövqelərinə dözümlü yanaşmaqla məhdudlaşmır, bu anlayış eyni zamanda hər bir şəxsin hüquq və azadlıqlarına hörmət göstərilməsini, fərqliliklərin qəbul edilməsini nəzərdə tutur.
O da qeyd olunub ki, qarşılıqlı hörmət, dözümlülük və həmrəylik kimi dəyərlərin gənc nəslə aşılanması vacibdir.