Oğuzda “Ramazan ayında dinlərarası münasibətlər: qardaşlıq, birlik və tolerantlıq” mövzusu müzakirə edilib
19 aprel 2022, 08:28

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Şəki bölgəsi üzrə şöbəsi və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda  “Ramazan ayında dinlərarası münasibətlər: qardaşlıq, birlik və tolerantlıq” mövzusunda konfrans  keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz  Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev, Oğuz şəhər Cümə məscidi dini icmasının sədri Şövkət Cəlilov,  Oğuz şəhər Alban-udi Xristian dini icmasının sədri Svetlana Ağababayeva, Oğuz şəhər Yəhudi dini icmasının sədri Şirin Şumilov, dini icmaların üzvləri,  həmçinin  rayon ziyalıları və gənclər  iştirak ediblər.  

Çıxış edənlər tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan milli və dini baxımdan həmişə tolerant ölkə olub. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bugün də öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etmir, hətta yerli əhali ilə qaynayıb qarışırlar. Başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən İslam dini ilə yanaşı, Xristianlığa, Yəhudiliyə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayırlar. Əsrlərdir davam edən bu qardaşlığımız və birliyimiz 44 günlük Vətən müharibəsində bir daha özünü sübut etdi və xalqımıza şanlı qələbə qazandırdı.