Oğuzda maarifləndirici tədbir keçirilib
23 may 2025, 09:09

Mayın 23-də Oğuz rayonu İ.Rəhimov adına Qumlaq kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı” çərçivəsində “Dini dözümlülük və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Samir Salehov, Oğuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər. 
Çıxışlar zamanı vurğulanıb ki, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır. Həmçinin, natiqlər öz çıxışlarında milli şüurun inkişaf etdirilməsi ilə birgə Azərbaycanın dövlət-din münasibətləri modelinin möhkəmləndirilməsi məqsədilə dövlət maraqlarının müdafiəsi, vicdan və dini etiqad azadlığına dair konstitusion normaların təmin olunması, dini konfessiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasının əhəmiyyətini qeyd ediblər.