Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində iyunun 7-də Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Gənclər və İdman İdarəsi (Gİİ), Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK - nın əməkdaşı Samir Salehov, Gİİ rəisinin müavini Şaiq Rüstəmov, Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, bugün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına, öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.