Oğuzda “Azərbaycan: dini tolerantlıq və birgəyaşayış nümunəsi!” mövzusunda tədbir keçirilib
10 fevral 2026, 09:16

Fevralın 9-da Oğuz şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsi, Oğuz Rayon İcra Hakimiyyəti və QMİ-nin bölgə qazılığının birgə təşkilatçılığı ilə “Azərbaycan: dini tolerantlıq və birgəyaşayış nümunəsi!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Samir Salehov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ayaz Ağayev, QMİ-nin bölgə qazısı Kamran Məmmədov, din xadimləri və dini icma üzvləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və birgəyaşayış şəraitində, bir ailənin üzvləri kimi yaşayıblar. Vurğulanıb ki, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda islamın mənəvi prinsipləri müstəsna rol oynayıb. Ölkəmizin əlverişli coğrafi mövqeyi və əhalisinin etnik müxtəlifliyi qədim dövrlərdən burada fərqli dinlərin mövcud olması üçün zəmin yaradıb.