Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz şəhər Yəhudi dini icmasının birgə təşkilatçılığı ilə Oğuz şəhərində yerləşən Aşağı məhəllə sinaqoqunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz şəhər Yəhudi dini icmasının sədri Sirin Şumilov və icma üzvləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər qeyd edib ki, Xocalı faciəsi miqyasına görə insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir və bu cinayəti törədənlər 44 günlük Vətən müharibəsi zamanı şanlı Azərbaycan Ordusu tərəfindən layiqli cəzalarını aldı.
Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib və xiyabanın yaxınlığında şəhidlərimizin xatirəsinə salınmış parkda ağacəkmə aksiyası həyata keçirilib.