Naftalanda "Milli-mənəvi dəyərlərin təbliğində gənc nəslin rolu" mövzusunda tədbir keçirilib
30 sentyabr 2024, 04:29

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Naftalan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində gənc nəslin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, ŞİH-in əməkdaşı Afət Mustafayeva və gənclər iştirak ediblər.

Natiqlər çıxışlarında qeyd ediblər ki, dini radikalizm dövlət və cəmiyyət üçün ciddi təhlükə mənbəyi hesab olunur. Dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb, eyni zamanda vurğulanıb ki, bu sahədə dini maariflənmənin əhəmiyyəti olduqca vacibdir. Milli-mənəvi dəyərlərin təbliğində gənc nəslin üzərinə böyük vəzifənin düşdüyü də bildirilib.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında çəkilmiş “Din və yad təsirlər” sənədli filmi nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb.