Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Naftalan şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində "Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin nümayəndəsi Əfqan Baxşəliyev, ŞİH-in əməkdaşı - ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva və məktəblilər iştirak ediblər.
Çıxış edənlər radikal qrupların hər zaman dünyadakı sülh və əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olduğunu, yad dini ideologiyaların təbliğatına qarşı mübarizədə təhsil və maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin, eləcə də onların vətənpərvərlik ruhunda tərbiyə almasının vacibliyi xüsusi olaraq qeyd edilib.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Vətənpərvərlik milli-mənəvi dəyərlər kimi” sənədli filmi nümayiş olunub.
Tədbir müzakirələrlə yekunlaşıb.