Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə təşkilatçılığı ilə Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə "Vətənpərvərlik nümunəsi qazilik və şəhidlik" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın şöbə müdiri Natiq Əfəndiyev, "N" saylı hərbi hissənin tərbiyə bölməsinin rəisi Rəşadət Nəcəfov, zabit və əsgər heyəti iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfəri əks etdirən sənədli film nümayiş olunub.
Çıxış edənlər milli-mənəvi birliyimizdən, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyindən danışaraq, 44 günlük müharibədə bunun bir daha təsdiq olunduğunu bildiriblər. Azərbaycanın 30 illik yurd həsrətinə son qoyan şanlı Vətən müharibəsinin xalqımızın birliyinin göstəricisi olduğunu qeyd edən çıxışçılar, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgərlərimizin öz gücünü düşmənə bir daha göstərdiyini vurğulayıblar. Dünya hərb tarixinə düşən Vətən müharibəsinin xalqın birliyinin, bərabərliyinin, ölkə rəhbərinə olan sonsuz inamın bir daha əyani göstəricisi olması, dövlətimizin bütün maniələrə rəğmən öz haqq işini sona kimi aparması və illərdir pozulmuş ədalətin bərpa olunması diqqətə çatdırılıb. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda qısa zamanda aparılan bərpa və yenidənqurma işlərini qeyd edən tədbir iştirakçıları görülən işlərin əhəmiyyətindən danışaraq, doğma Qarabağımızın yenidən cənnətə çevrilməyə başladığını vurğulayıblar.
Sonda mövzu ətrafında hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.