Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin təşkilatçılığı ilə respublikamızın bölgələrində Azərbaycan dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
Yevlax şəhərində baş tutan tədbirə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri, Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissədə keçirilən tədbirə isə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov və hərbi hissənin komandir müavini Qorxmaz Mehdiyev, eləcə də hərbçilər qatılıblar.
Daha bir tədbir isə Zaqatala şəhər N.Hüseynov adına 2 №-li tam orta məktəbində baş tutub. Tədbirdə bölgə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Aydın Camalov, müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda vurğulanıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanıb, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan edib. Eyni zamanda natiqlər Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından danışıblar.