“Müstəqilliyimiz tarixi nemətimizdir” filmi Tərtərdə nümayiş olunub
13 dekabr 2021, 08:20

Azərbaycanda fəaliyyət göstərən 100-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər. Səfər 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

QHT-lərə işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları, hazırda Talış və Suqovuşanda həyata keçirilən bərpa-yenidənqurma layihələri barədə məlumat verilib. Səfər iştirakçıları erməni işğalçıları tərəfindən viran qoyulmuş Talış kəndində yerləşən rus-pravoslav və alban-udi kilsələrini də ziyarət ediblər.

Ziyarətçilər daha sonra ötən il Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketi ilə dağıdılan evə baxış keçiriblər. Bildirilib ki, dağıdılan evin sahibi yeni evlə təmin olunub. Dağıdılan ev isə açıq havada muzey kimi saxlanılacaq.

Sonra Tərtər şəhərində qeyri-hökumət təşkilatlarının iştirakı ilə konfrans təşkil olunub. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Müstəqilliyimiz tarixi nemətimizdir” filmi nümayiş olunub.