Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi
28 aprel 2016, 09:48
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfrans
Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Burada tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Bu gün isə Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açmışdır. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi də dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.
Prezident İlham Əliyevin sərəncamına əsasən multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi Azərbaycanın bu dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir.
2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar respublikamızda müxtəlif tədbirlər həyata keçirilməkdədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri növbəti tədbir - “Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi” mövzusunda konfrans Quba şəhərində keçirildi.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransın moderatoru, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV tədbiri giriş sözü ilə açaraq dedi:
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti və Quba Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi “Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi” mövzusunda konfransda hamınızı salamlayıram.
Azərbaycan xalqı olduqca mühüm və bəşəriyyətə nümunə olan mənəvi keyfiyyətlərə malikdir. Bunlardan biri də əsrlərdən bəri formalaşaraq inkişaf edən, xalqımızın hümanist dünyagörüşünü özündə əks etdirən multikultural və tolerant dəyərlərdir. Təsadüfi deyil ki, tarixin bütün dönəmlərində bu coğrafiyada müxtəlif etnoslar, xalqlar, ayrı-ayrı dinlərə sitayiş edən insanlar əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Tarixin bütün dövrlərində dünyanın demək olar ki, hər bir tərəfində milli və dini zəminlərdə qarşıdurmalar baş vermiş, insanlığa, bəşəriyyətə qarşı ağır cinayətlər törədilmişdir. Lakin Azərbaycanda yaşayan xalqlar arasında heç vaxt milli-etnik və dini zəmində ədavət baş verməmiş, bu məqsədlə kənardan edilən cəhdlər iflasa uğramışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoq keyfiyyətcə yeni mərhələyə yüksəldildi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Ən əsası, bu, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Ulu Öndərin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ölkəmizdə dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən insanların etiqad azadlığı təsbit olundu. Respublikamızda yaşayan hər bir etnik azlığın, hər bir xalqın təmsilçilərinin mədəniyyətinin, dəyərlərinin müxtəlif qanunlar və normativ-hüquqi aktlarla təsbit edilməsi, mükəmməl qanunvericilik bazasının formalaşdırılması və digər bu kimi mühüm addımlar da aparılan bu məqsədyönlü siyasətin tərkib hissəsidir.
Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmiş və insanlar tərəfindən doğru dərk edildiyi zaman bu dəyərlərin zəmanətinə çevrilmişdir. Azərbaycan üçün əsas mühüm xüsusiyyətlərdən biri isə ondan ibarətdir ki, bu ölkə bütün islam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir. Ölkədə xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması Azərbaycandakı dini müxtəlifliyin və bu müxtəlifliyə insanların tolerant münasibətinin bariz nümunəsidir. Yaxşı yadımızdadır, 2002-ci ildə Roma Papası II İohan Pavel respublikamıza tarixi səfər etmişdi. O vaxt Papa ölkəmizdə dini tolerantlıq ənənələrininin güclü olduğunu bildirmişdi. Roma Papası Azərbaycanın müxtəlif xalqların və dinlərin mənəvi dəyərlərini özündə bir araya gətirdiyini söyləyərək burada onların sülh şəraitində, dinc yanaşı yaşadıqlarını, bunun isə ancaq tolerantlıq və qarşılıqlı hörmət nəticəsində mümkün olduğunu bəyan etmişdi.
Respublikamızda dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradılmışdır. Dövlət sözün həqiqi mənasında, vicdan azadlığının təminatçısıdır. İndi dindarlar ölkənin qanunlarına arxalanırlar. Bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsində, cəmiyyətimizin mənəvi dayaqlarının möhkəmlənməsində, dini dəyərlərin humanist potensialının qorunub saxlanılmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rolu böyükdür. Komitənin işi dini qurumları qeydiyyata almaq, problemləri ilə maraqlanmaq, dini etiqad azadlığı ilə bağlı olan qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdir. Sirr deyil ki, son dövrlərdə din amilindən müxtəlif məqsədlər üçün yararlanmaq meyilləri də özünü göstərib. Bu mənada zərərli dini meyillərin qarşısının alınması, dindən siyasi alət kimi istifadə olunmasına yol verilməməsi istiqamətində komitənin fəaliyyəti təqdirəlayiqdir. Komitənin fəaliyyəti müxtəlif dini qurumlar arasında da xoş münasibətlərin qurulmasına səbəb olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural və dini-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramlarını təbrik edir. Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin və tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar öz bəhrəsini verməkdədir.
2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması bu sahəyə diqqəti daha da artırır və eyni zamanda, dünyanı alternativi olmayan multikulturalizm və tolerantlıq siyasətindən daha effektiv şəkildə faydalanmağa dəvət edir. Onu da qeyd edim ki, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olması ilə yanaşı, dövlət siyasətində prioritet istiqamət olduğunun göstəricisidir.
Təsadüfi deyil ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün mühüm mərkəzə çevrilib. Ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə evsahibliyi etdi. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi barədə beynəlxalq təşəbbüs bir daha onu göstərir ki, multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın mədəniyyətlərin dialoqunun inkişafı, dini-mədəni müxtəlifliyin qorunub saxlanması, sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur. Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə tolerant və eləcə də əsl islami dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da böyük xidmətləri var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, apardığı maarifləndirmə kampaniyaları da bu baxımdan təqdiredicidir.
Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin dövlətçiliyimiz naminə daim həmrəylik nümayiş etdirmələri xalqımızın yüksək multikultural və tolerant dəyərlərə malik olmasının bariz nümunəsidir. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzün qorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri ortaya qoyublar. Biz aprel ayının əvvəllərində bunun bir daha şahidi olduq. Cəbhə xəttində erməni təxribatlarına qarşı Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də əsl qəhrəmanlıq nümunələri göstərdilər. Onların arasında şəhidlik zirvəsinə ucalanlar oldu. Bir daha təsdiq olundu ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bu torpağı canı qədər sevir və uğrunda ölməyə hazırdır.
2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir. “Azərbaycan” qəzeti prosesdən kənarda qalmayaraq “dəyirmi masa”lar, konfranslar təşkil edir. Bu qəbildən olan növbəti tədbirimizi Qubada keçiririk. Bu da təsadüfi deyil. Çünki Quba etnik və dini tərkib baxımından Azərbaycanın zəngin bölgələrindən biridir. Burada əhalinin bir hissəsini tatlar, ləzgilər, yəhudilər, xınalıqlılar, qrızlılar və digər millətlərin, o cümlədən dinlərin nümayəndələri təşkil edir. Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımı burada yaşayan bütün xalqların tarixinə qanla yazılıb. Ona görə bu gün burada yaşayan xalqların sevinci də birdir, kədəri də. Tarixin bütün dönəmlərində mehriban yaşayan, ortaq taleləri bölüşən bu xalqlar indi müstəqil Azərbaycanın inkişafına özlərinin dəyərli töhfələrini verirlər. Bu barədə yəqin ki, konfrans iştirakçıları çıxışlarında daha ətraflı söz açacaqlar.
Beləliklə, konfransı açıq elan edirəm və çıxış üçün sözü Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QURBANLIya verirəm.
Mübariz QURBANLI:
- Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 ili tamam olur. Bir dövlətin tarixi baxımından 25 il o qədər böyük zaman kəsiyi deyil. Lakin Azərbaycanın qazandığı tarixi nailiyyətlər baxımından bu dövr əslində, əsrə bərabər müddətdir. Biz tarixin bu mərhələsində çox mühüm dövlətçilik yolu keçmişik.
Müstəqilliyimizi bərpa edəndə qarşımızda vacib vəzifələr dururdu. Biz ilk növbədə, müstəqil dövlətimizi qurmalı, müstəqilliyimizin dönməzliyini təmin etməli idik. İkinci vəzifə xalqımızın vahid bir ideya ətrafında birləşdirilməsi idi. Üçüncüsü isə sovet dövründən qalmış dövlət idarə mexanizmini və iqtisadi sistemi yeni dövrün tələbinə uyğun modellərlə əvəz etməli idik. Eyni zamanda, Ermənistanın hərbi təcavüzünə məruz qaldığımıza görə həm də xarici müdaxilənin qarşısını almalıydıq.
İlk dövrlərdə bu vəzifələri yerinə yetirmək mümkün olmadı. Çünki bu vəzifələri icra edəcək dahi liderin, Azərbaycan xalqını irəli aparacaq şəxsiyyətin olması çox vacib idi. Yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə az zaman içərisində bu vəzifələr yerinə yetirildi. İlk növbədə, Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi tam aradan qaldırıldı. Çünki 1991-ci ildə müstəqillik elan edilsə də, onun dayaqları kövrək idi. Böyük siyasətçi, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi təmin olundu.
Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni iqtisadi model tətbiq olunmasına başlanıldı. Azad bazar iqtisadiyyatına, liberal münasibətlərə söykənən yeni iqtisadi sistem quruldu. Yeni mülkiyyət münasibətləri formalaşdırıldı. Mülkiyyətin üç forması - dövlət, bələdiyyə və şəxsi mülkiyyət Konstitusiyada təsbit olundu.
Hər bir cəmiyyəti öz ətrafında birləşdirməyə qadir bir ideologiyaya ehtiyac var. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün cəmiyyətimiz azərbaycançılıq ideyası ətrafında sıx birləşdi. Bu böyük şəxsiyyət Azərbaycanı separatizm və parçalanma bəlasından xilas edərkən tarixən bu torpaqda yaşayan xalqların təmsilçilərini də vahid məram ətrafında səfərbər etdi, onları Azərbaycan bayrağı altında birləşdirdi. Bu mənada azərbaycançılıq xalqımızın iztirabları ilə yoğrulmuş tarixi dəyərdir, real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır. Beləliklə, sonrakı illərdə Ulu Öndərin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” tezisi birmənalı olaraq həyatda özünü təsdiq etdi.
Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirilən dövlət quruculuğu prosesi bütün sahələri əhatə etdi. Səmərəli islahatlar nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Növbəti mərhələlərdə respublikamız dünyaya inteqrasiya olundu, müxtəlif neft müqavilələri imzalandı. Bunlar nəticə etibarilə müstəqilliyimizin möhkəmlənməsinə, iqtisadiyyatımızın inkişafına yol açdı. Müstəqil dövlət olaraq Azərbaycan ildən-ilə gücləndi, Cənubi Qafqazın liderinə çevrildi.
Azərbaycan həm də müxtəlif dinlərin, etnosların yaşadığı, möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan ölkədir. Burada həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında məhz bizim xalqa xas olan tolerantlığın, humanizmin və multikultural dəyərlərin müstəsna rolu var. Təbii ki, yeni dövlət quruculuğunda bunlar da nəzərə alındı və ölkəmiz bu sahədə yeni konsepsiya ortaya qoydu. Dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırıldı. Ona görə bu gün Azərbaycan bütün dinlərin, etnosların bərabər şəkildə, dostluq şəraitində yaşadığı və hüquqlarının təsbit olunduğu dövlətdir. Həmçinin Azərbaycan din siyasətinə, insanların vicdan azadlığına görə dünyada nadir nümunəvi ölkələrdən biridir.
Biz müsəlman dünyasının bir parçasıyıq. 57 müsəlman ölkəsindən biri Azərbaycandır. Lakin xüsusi vurğulamalıyıq ki, məhz tolerantlığın nəticəsidir ki, müsəlman dünyasında gedən məzhəblərarası, təriqətlərarası qarşıdurmalar Azərbaycanda müşahidə olunmur. Ölkəmizdə heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur. Bizdə heç vaxt təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bunun bəzi fəsadları, elementləri ölkəmizdə, ərazimizdə özünü büruzə versə də, bu, bizim şüurumuza, həyat tərzimizə, məişətimizə müdaxilə edə bilmək imkanında deyil. Ona görə burada tarixən islam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar.
Hansı ölkələrdə ki məzhəb qarşıdurmaları var, toqquşmalar olur, o yerlərdə din faktiki olaraq ayrı-ayrı qrupların əlində alətə çevrilib. Orada islam dininin əsl mahiyyətindən uzaqlaşıblar. Həmin ölkələrdə din siyasətin aləti olaraq dövlətin inkişafına deyil, yüksəlişinin ləngidilməsinə, güclənməsinə deyil, zəifləməsinə və dağılmasına yönəlib. Əlbəttə, burada nə din günahkardır, nə də islamın söykəndiyi müqəddəs dəyərlər. Burada günahkar həmin dindən sui-istifadə edənlərdir.
Gəlin, dünyada gedən proseslərə nəzər salaq. Bu gün planetimizdə 80-ə qədər münaqişə ocağı var. Onun 50-si dondurulmuş vəziyyətdədir, amma hər birində istənilən vaxt döyüşlər alovlana bilər. Buna baxmayaraq hər birində tez-tez insanlar həlak olur. Təkcə 2000-ci ildən 2015-ci ilə qədər belə münaqişələrdə 2,5 milyon nəfər həyatını itirib. Məsələn, Kəşmir münaqişəsi “yatmış” vəziyyətdədir. Lakin orada hər gün insan itkisi baş verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab edirlər. Amma ermənilərin 1994-cü ildən bəri törətdiyi təxribatlar və fitnəkarlıq nəticəsində cəbhə xəttində insan itkisi baş verir. Aprelin əvvəllərində gedən dördgünlük müharibə bu münaqişənin donmuş olmadığını göstərdi.
Dünyada olan münaqişələrin 30-da isə qanlı savaş gedir. Bunun ən azından 10-u məzhəblərarası, dindaxili toqquşmalardır. Təəssüf ki, bu münaqişələrin 7-si islam dini adı altında fəaliyyət göstərən dini-siyasi qruplar arasında baş verməkdədir. Bəs bu münaqişələr nədən yaranır, səbəbi nədir? Bunun səbəbi məhz tolerantlıq mühitinin və multikultural dəyərlərin həmin cəmiyyətdə lazımi səviyyədə tətbiq olunmamasıdır. Yaxud multikultural və tolerant düşüncə tərzinin insanların məişətindən çıxması və qarşıdurmaların insanların məişəti səviyyəsinə hopmasıdır.
Digər bir səbəb insanlar arasında zərərli təbliğatın aparılmasıdır. İslam müqəddəs dindir. Amma təəssüf ki, islam dini adı altında müxtəlif zərərli qruplar fəaliyyət göstərirlər. Həmin qruplar islamın əsas fundamental dəyərlərindən kənara çıxaraq, zərərli təşviqatlar apararaq insanları din adı altında başqa məqsədlərə yönəldir, onları silahlı münaqişələrə cəlb edir, digər mədəniyyətlərə və dinlərə qarşı qoyurlar. Lakin din savaşa, toqquşmalara xidmət etməli deyil. Din müharibə üçün yaranmayıb. Din insanları yalnız iman yoluna çağırır.
Tolerantlıq heç də başqalarına güzəştə getmək deyil, tolerantlıq öz mövqeyini, xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır. Tolerantlıq müxtəlif sahələri əhatə edir və fərqli formaları var. Tolerantlıq etnoslar arasında da var, dində də. Həmçinin məişətdə də, ekologiyada da tolerantlıq var. İnsanın dilinə, həyat tərzinə münasibətdə də tolerantlıq var. Tolerantlıq başqalarına dözümlü yanaşmaqdır. İslam dini başqa dinlərə dözümlü yanaşmaqda nümunə rolunu oynayır. Çünki dinimiz heç bir dini inkar etmir. “Qurani-Kərim” xristianlığı da, yəhudiliyi də qəbul edərək, oradakı səhvləri göstərərək yeni ayələrlə bunu izah edir. Bəzən tolerantlığı başqaları qarşısında geri çəkilmək kimi təbliğ etmək istəyənlər olur. Bu, yanlışdır.
Azərbaycan xalqının keçdiyi tarixi yola nəzər salarkən görürük ki, biz daim tolerant olmuşuq. Əgər tolerant xalq olmasaydıq, yaşadığımız coğrafiyada bizimlə birgə məskunlaşan müxtəlif dinlərin nümayəndələrini, etnosları assimilyasiyaya məruz qoyardıq. Digər dinlərin fəaliyyətinə burada imkan verməzdik. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Amma ölkəmizdə müsəlman icması ilə yanaşı, yəhudi, xristian, krişna şüuru, baptist, adventist icmaları var. 13 kilsə, o cümlədən Qafqaz Albaniyasının varisi sayılan alban-udi kilsəsi, 7 sinaqoq fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Bütün bunlar göstərir ki, Azərbaycan xalqı digər dinlərə tolerant yanaşır.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Prezident İlham Əliyevin görüşlərində, eyni zamanda, ölkəmizdə keçirilən mədəniyyətlərarası və sivilizasiyalararası toplantılarda Azərbaycan tolerantlığa nümunə kimi təqdim olunur. Bizim tolerantlığımız Azərbaycan xalqının bu coğrafiyada olan digər xalqlarla münasibətlərində özünü göstərir və nümunə olaraq mənimsənilir, öyrənilir. Ona görə Azərbaycan tolerantlığa nümunə ölkə kimi dünyada tanınır. Həmçinin Heydər Əliyev Fondunun həm ölkə daxilində, həm də xaricdə həyata keçirdiyi tədbirlərdə də biz tolerantlığımızı aydın şəkildə göstərə bilmişik.
Multikulturalizm və tolerantlıq bir-birinə oxşar dəyərlərdir. Lakin multikulturalizmin özünəməxsus xüsusiyyətləri var. Multikulturalizm müxtəlif mədəniyyətlərin bir arada dinc şəraitdə yaşamasının təmin edilməsidir. Əlbəttə, multikulturalizm dünyanın müxtəlif bölgələrində də var. Lakin biri var multikulturalizmi nəzəri olaraq mənimsəyəsən, biri də var ki, praktikada həyata keçirəsən. Azərbaycan multikulturalizmin praktikada tətbiq edildiyi ölkələrdəndir. Öz qanunlarında multikulturalizmi təsbit edən dövlətlərdəndir. Bizim multikulturalizm nümunəmiz özünü bir də onda göstərir ki, bu gün dünyanın 13 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Azərbaycanda multikulturalizmə dövlət səviyyəsində diqqətin sayəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dünyanın heç bir yerində bu formada mərkəz yaradılmayıb. Azərbaycan burada da gözəl nümunə ortaya qoyub. Yəni, biz multikulturalizmi yalnız öz coğrafiyamızda, ərazimizdə, ölkəmizdə tətbiq etməklə işimizi bitmiş saymırıq. Biz multikulturalizm ideyasının bütün dünyada daha geniş yayılması üçün geniş fəaliyyət göstəririk, tədqiqat işləri aparırıq. Eyni zamanda, qeyri-hökumət təşkilatları vasitəsilə çoxlu sayda layihələr həyata keçirilir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir.
Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir.
Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik, bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırmışdır.
Müasir dövr beynəlxalq aləmdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində ikili standartların hakim kəsildiyi şəraitdə humanist dəyərlərin arxa plana keçməsi heç kəsə sirr deyil. Əfsuslar olsun ki, irqçi təmayüllərin, ksenofobiya və neçə-neçə qeyri-insani yanaşma tərzinin gücləndiyi, hətta ölüm hökmü kimi mürtəce cəza növlərinin kütləvi tətbiqi ilə diqqəti çəkən dairələr az qalsın Azərbaycana insan hüquqları, yaxud din, mənəviyyat “dərs”i keçməyə çalışırlar. Qeyd olunan neqativ mənzərənin fonunda Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir. Bu gerçəkliklər içərisində Azərbaycanın dövlət və cəmiyyət olaraq bəşəri dəyərlərə həssas və humanist münasibətinin müqabilində ölkəmizə qarşı ikili yanaşmalar xeyli dərəcədə qabarıq görünməkdədir. Ölkə rəhbərinin birbaşa diqqəti və nəzarəti ilə multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemliliyini və mütəşəkkilliyini artırmaq baxımından 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bağlı sərəncamı xüsusi əhəmiyyətə malik təşəbbüs olaraq qeyd edilməklə yanaşı, dünya ictimaiyyətinə insan amilini, bəşəri dəyərləri bütün fəaliyyətlərin fövqündə tutan Azərbaycan Respublikasının bir mesajı kimi də dəyərləndirilə bilər.
Bəzən multikultural və tolerant dəyərləri yalnız dinə bağlayırlar. Bu, belə deyil. Tarixə nəzər salsaq, eyni zamanda, müasir dünya reallığına diqqət yetirsək görərik ki, etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi dinc xarakterli olsa belə, heç də həmişə humanist prinsiplər əsasında reallaşmamış, bu, gah assimilyasiya, gah da izolyasiya kimi neqativ formalarda təzahür etmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, insan hüquqlarına münasibətdə özünü müasir dünyanın “lokomotiv”i sayan dairələr multikulturalizmi ya inkar, ya da imitasiya etməklə təzadlı mövqe nümayiş etdirirlər. Yaxın Şərqdə baş verən hadisələrdən sonra biz nəyi müşahidə etdik? Avropa ölkələrinə kütləvi surətdə miqrant axını baş verəndə Avropa siyasətçilərinin bir çoxu dedi ki, artıq multikulturalizm məhv olub. Hətta Böyük Britaniyanın baş naziri Devid Kemeron dedi ki, multikulturalizm sona çatıb. Amma Prezident İlham Əliyev isə bəyan etdi ki, multikulturalizm sona çatmayıb, multikulturalizm toqquşmanın, müharibənin, qarşıdurmanın alternativi olan yeganə yoldur. Bunun başqa yolu yoxdur! Əgər bəşəriyyət qlobal miqyasda, dünyada gedən prosesləri nəzərə almadan ortaq məxrəc tapmasa və ümumi razılaşmalar əldə etməsə, özünü böyük təhlükə ilə üz-üzə qoymuş olacaq.
Azərbaycanda minilliklər boyu dinc yanaşı yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qorumuş, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar - dövlət siyasəti əlavə olunmuşdur ki, bu da respublikamızda multikultural mühitin uğurlu perspektivlərini təmin edir. Lakin Qərb dünyasında təqdim olunan multikulturalizm isə həmin ölkələrə sığınmış qaçqın və ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, sadəcə, “dözümlü” münasibətdən ibarətdir. Təbii ki, həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəfləyən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan, cismani, yaxud mənəvi əritmək, yox etmək fəaliyyətlərini tarixən və çağdaş dövrümüzdə dövlət siyasətlərində analoqsuz ənənə halına salmış eqoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmi alternativsiz həyat tərzinə çevirmiş Azərbaycanla müqayisə etmək belə özlüyündə qüsurlu görünür.
Multikutural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır. Biz də Azərbaycanda bu dəyərləri qorumalı və təbliğ etməliyik. Ziyalılarımız, din xadimlərimiz cəmiyyətimizdə həm etnoslar, həm də dinlərarası tolerant münasibətlərin inkişafı üçün çalışmalıdırlar. Bu, ailədə başlamalı, məktəbdə davam etdirilməlidir. Cəmiyyət Azərbaycanın milli marağına, milli və dini birliyimizə ziyan vurmaq istəyənlərə qarşı ictimai qınaq yaratmalıdır. Belə tədbirlərdə də əsas məqsədlərimizdən biri bu fikirləri sizin diqqətinizə çatdırmaqdır.
Bəxtiyar SADIQOV:
- Bugünkü tədbirimizi Quba rayonunda təşkil etməyimiz təsadüfi deyil. Uzun əsrlərdir ki, Quba tək Azərbaycanda deyil, ümumilikdə Qafqaz bölgəsində tolerantlıq və multikulturalizm ənənələrini uğurla yaşadan məkan olub. Burada çoxsaylı xalqlar, etnik qruplar fərqli dinlərə inanaraq, öz milli-mədəni irslərini qoruyublar və inanclarını saxlayıblar. Quba rayonunda doğulmuş və bu gün xarici ölkələrdə yaşayan başqa xalqların təmsilçiləri belə, özlərini azərbaycanlı sayır, Azərbaycan diasporunun üzvləri kimi vətənimizə töhfə verirlər. Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin Qubanın timsalında necə təşəkkül tapdığı barədə çıxış üçün söz Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar MƏMMƏDOVa verilir.
Yaşar MƏMMƏDOV:
- Bu gün bəşəriyyətin müxtəlif növ siyasi, dini və hərbi münaqişələrlə üz-üzə durduğu bir zamanda millətlərarası dialoq və tolerantlığa böyük ehtiyac duyulur. Azərbaycan hər zaman dini tolerantlıq mədəniyyətinin yüksək olduğu bir ölkə sayılmışdır. Ərazisi müxtəlif sivilizasiyaların qovuşduğu, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh içində yaşadıqları bir məkan olan Azərbaycanda tarixin müxtəlif dönəmlərində istər azərbaycanlılar, istərsə də digər xalqlar özlərinin mədəniyyətini, adət- ənənələrini nəinki qoruyub saxlayıblar, həmçinin onu inkişaf etdirə biliblər. Dövlətimiz tolerantlıq və multikulturalizm prinsiplərinə sadiq qalaraq onların dil, din və adətlərinin fərqliliyini qoruyur. Eyni zamanda, burada müxtəlif xalqların ümumi adət-ənənələri, birgə yaşayış tərzi də formalaşıb. Humanist, sülhsevər xüsusiyyətləri ilə seçilən xalqı olan Azərbaycan ərazilərində coğrafi mövqe baxımından da multikulturalizm siyasətini aparmağa əlverişli şərait mövcuddur və bu günümüzdə də Azərbaycan multikulturalizmə böyük əhəmiyyət verən bir ölkədir
Müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq və multikulturalizm bir ideya, termin kimi ilk dəfə Qərbdə, Avropada irəli sürüldüyünə və son dövrlərdə bu ideyadan geriçəkilmələrə yol verildiyinə baxmayaraq bizim mühitdə bu sahə artıq cəmiyyətin əxlaq kateqoriyasına, nümunəvi birgəyaşayış normasına çevrilib.
Lakin tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan dəyər kimi mövcud olsa da, sistemli deyildi. Doğrudur, əvvəldə qeyd etdiyimiz kimi, onun bütün vacib xüsusiyyətləri, mənəvi və psixoloji potensialı, dini loyallığı, bəşəri dəyərlərə açıqlığı azərbaycanlıların həyat tərzinə çevrilmişdir. Bu həyat tərzinin düzgün qiymətləndirilərək, hüquqi və siyasi müstəvidə öz yerini tapması isə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dəfələrlə həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf etmişlər ki, Azərbaycan çoxkonfessiyalı bir ölkədir və burada tarixən müxtəlif dini, mədəni abidələr mövcuddur. Həmçinin ölkəmiz multikulturalizm istiqamətində böyük təcrübəyə malikdir. Buna baxmayaraq ölkəmiz tərəfindən hər zaman bu sahədə beynəlxalq təcrübələr də öyrənilir. Hazırda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi kimi aktual problemlər geniş müzakirə olunur.
Ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bugünkü inkişaf mərhələsinə gəlib çatmasında Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti danılmazdır. Möhtərəm Prezidentimiz tolerantlıq və multikulturalizmi tarixən xalqımıza məxsus olan böyük sərvət kimi dəyərləndirərək Azərbaycanda bu ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə cari ilin respublikamızda “Multikulturalizm ili” elan edilməsi haqqında verdiyi sərəncamla, özünün dediyi kimi, hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut etdi.
Hər zaman verdiyi qərar və sərəncamları ilə xalqın iradəsini əks etdirən möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə haqlı olaraq bildirib: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.
Tolerantlıq və multikulturalizm ideyasının iflasa uğramadığını isə biz Azərbaycanın ən tolerant bölgələrindən biri sayılan Qubanın timsalında açıq görə bilərik. Həmişə dövlətə, dövlətçiliyə sədaqəti, keçdiyi qədim və şərəfli yolu ilə Azərbaycan tarixinə iz salan rayonumuzda tolerantlığın qədim ənənələri mövcüddur. Quba əsrlər boyu müxtəlif xalqların və dinlərin birgə, qardaşcasına yaşadığı mədəniyyət və təfəkkür mərkəzi kimi tanınır.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da müxtəlif xalqların öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə yüksək diqqət və qayğı göstərilir. Qubada 3 dinə məxsus olan 20-dən artıq müxtəlif millətlərin və xalqların nümayəndələri, həmçinin etnik qruplar yaşayır. 166 min nəfərdən çox sakini olan rayonumuzun əhalisinin 79,22%-ini azərbaycanlılar, 9,1 %- ni tatlar, 5,87%-ni ləzgilər, 1,77 %-ni dağ yəhudiləri, 1,43%-ni xınalıqlılar, 1,42%-ni türklər, qalan hissəsini isə ruslar, talışlar, tatarlar, qırızlar, ceklilər, buduqlular, haputlular və digər millətlər təşkil edirlər. Maraqlısı isə odur ki, əsrlərdir bu xalqlar mehribancasına yaşayır və öz milli mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlayırlar.
Təsadüfi deyildir ki, bu gün rayonumuzda məscidlərlə yanaşı, sinaqoqlar da fəaliyyət göstərir. Hazırda rayonumuzda qeydiyyatdan keçmiş 22 dini icma fəaliyyət göstərir ki, onlardan da 21-i islam, 1-i isə yəhudi dini icmasıdır. Rayonda mövcud olan 68 məsciddən 46-sı gündəlik fəaliyyətdədir. İsrail dövlətindən sonra yəhudilərin yaşadıği yeganə yığcam məkan olan Qırmızı Qəsəbədə mövcud olan 3 sinaqoqdan ikisi sinaqoq kimi, biri isə mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir ki, burada da həm qəsəbə sakinləri, həm də gələn qonaqlar yəhudilərin adət-ənənələri ilə tanış ola bilirlər.
Qubalılar hər zaman olduğu kimi, bundan sonra da həm rayonumuzda, həm də bütün Vətənimizdə yüksək səviyyəli tolerantlıq və multikultural ab-havanın qorunub saxlanılmasında əllərindən gələni əsirgəməyəcəklər və bu sahədəki dövlət siyasətinə böyük töhfə verməkdə davam edəcəklər.
Bəxtiyar SADIQOV:
- Biz indi tam əminliklə söyləyə bilərik ki, tolerantlığın və multikulturalizmin Azərbaycan nümunəsi oldluğu kimi, bu ənənələrin Quba modeli də mövcuddur və o, çox təkmil, mükəmməl örnəkdir. Rayon ərazisində müəyyən qruplar tərəfindən radikal dini qarşıdurma yaradılmasına cəhdlər olsa da, bu kimi hadisələrin qarşısı məhz elə dindar sakinlər tərəfindən alınır. Yəni, qubalılar dini inanclarında daim cahillikdən uzaq olublar, maarifçiliyə, səmavi dinlərin əsl prinsiplərinə riayət ediblər. Bu barədə danışmaq üçün söz Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yusif ABİDOVa verilir.
Yusif ABİDOV:
- Bu gün Qubada möhkəm ictimai-siyasi və dini sabitlik mövcuddur. Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq vətəndaşlara hər cür şərait yaradılır, heç bir maneə mövcud deyildir. Amma təəssüflə onu da qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafını, ölkədəki sabitliyi, vətəndaş həmrəyliyini, dini və milli tolerantlıq mühitini bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin gözü götürmür. Azərbaycan dövləti isə buna müvafiq olaraq ölkədəki dini ibadət azadlığından və multikultural mühitdən sui-istifadə etməyə cəhd edən bəzi təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti və barışmaz mövqe nümayiş etdirir.
Müasir dünyada mövcud olan ikili standartlar, irqçilik, separatizm, islamafobiya, ksenofobiya və digər mürtəce meyillər, multikulturalizmin mümkün olmaması barədə bəzi Qərb siyasətçilərinin həqiqətdən uzaq düşüncələri Qubadakı multikultural mühit və tolerantlıq qarşısında bir daha acizliyini və qeyri-obyektivliyini açıq-aşkar büruzə verir. Rayonda mövcud olan tolerant mühitin qorunması isə bizim hamımızın vətəndaşlıq borcudur. İstər vəzifəli şəxslər, ziyalılar, din xadimləri, istərsə də sadə əhalimiz mövcud olan bu mehribanlığı qoruyub saxlamağa, möhkəmləndirməyə və gələcək nəsillərə ötürməyə borcludur.
Bəxtiyar SADIQOV:
- Çıxışlardakı faktlar, həqiqətlər bizdə bu qənaəti daha da dərinləşdirdi ki, Quba müxtəlif mədəniyyətlərin və dinlərin uğurla uzlaşdığı bir məkandır. Üç səmavi dinə inanan on minlərlə insan rayon ərazisində mehriban yaşayır və bir-birlərinin inancına hörmət göstərir. Bu, əslində, həm də qubalıların həyat tərzinin mükəmməl nümunəsidir. Eyni zamanda, ölkəmizdə aparıcı din olan islamın mahiyyətindən, aşıladığı yüksək mənəvi dəyərlərdən irəli gələn normadır. Bu barədə danışmaq üçün söz Qafqaz Müsəlmanları İdarəsinin şimal bölgəsi üzrə qazisi Hacı Naib SƏTTAROVa verilir.
Hacı Naib SƏTTAROV:
- Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “multikulturalizm ili” elan olunması biz dindarları, ruhaniləri də çox sevindirdi. Bu qərar birmənalı dəstək və razılıqla qarşılandı.
Multikulturalizm özündə birgə fəaliyyət, çoxmədəniyyətlilik, müxtəlif dinlərə sitayiş edən insanların bir yerdə yaşaması anlayışı ilə bərabər, hörmət və mərhəmət hisslərini də ehtiva edir.
Çox qalmaqallı və mürəkkəb bir dünyada yaşayırıq. Bütün Şərq aləmi od tutub yanır. Terror nəticəsində müqəddəs məscidlərimiz dağılır, hər gün onlarla insan həyatını itirir. İslam dini irqindən, mənsubiyyətindən, milliyətindən asılı olmayaraq qan tökməyin, zülmün, insafsızlığın, haramın əleyhinədir. Azərbaycan kimi sakit, sabitliyin bərqərar olduğu bir diyarda yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycan sözün həqiqi mənasında dünya dindarlarının arzuladığı, insanların vahid bir ailə kimi yaşadığı bir məkandır.
Bu gün rayonumuzda 20-dən çox azsaylı xalqın nümayəndələri, etnik qruplar yaşayır. Onların sırasında xınalıqlı, qırızlı, buduqlu, tat, rus, ləzgi, yəhudi, talış vardır. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif dövrlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq torpaqlarımızda məskunlaşmışlar.
Rayonumuzda yəhudi, xristian, islam abidələri fərq qoyulmadan xüsusi qayğı ilə qorunur. Bu gün Qubada 60-dan çox məscid, 2 sinaqoq fəaliyyət göstərir. Hacıhüseynli kəndindəki xristian kilsəsi tarixi abidə kimi qorunur. Bayramlarımızda biz bir-birimizin evinə gedib gəlirik. Yəhudilər bizim məscidlərə gəlir, biz sinaqoqa gedirik. Yasda da birlikdəyik, toyda da!
2009-cu ildə ölkəmiz islam mədəniyyətinin paytaxtı elan olunmuşdu. 2016-cı il isə multikulturalizm ili elan olunub. Bu da təsadüfi deyil. Çünki həmişə multikulturalizm və tolerantlıq Azərbaycanda həyat tərzi olub. Bu, indi də belədir, sabah da belə olacaq.
Bəxtiyar SADIQOV:
- Azərbaycanda bütün xalqlar xoşbəxt, təhlükəsiz və hüquqları tam təmin olunmuş şəraitdə yaşayırlar. Bu xalqlardan biri olan yəhudiləri fərqləndirən əsas xüsusiyyət odur ki, İsraildən sonra onların ən rahat və sabit məskunlaşdıqları ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur. Bu xalqın təmsilçilərinin kompakt yaşadıqları məkan isə əsasən elə Quba rayonundakı Qırmızı Qəsəbədir. Yəhudilərin milli-mənəvi dəyərləri ilə yanaşı, dini inanclarının da qorunub saxlanması, təbliğ edilməsi dövlətin diqqət ayırdığı məsələlərdəndir. Bu barədə danışmaq üçün söz Quba rayonu Qırmızı Qəsəbə Dağ Yəhudiləri dini icmasının nümayəndəsi Boris SİMANDUYEVə verilir.
Boris SİMANDUYEV:
- Sizi rayon sakinləri, o cümlədən dağ yəhudiləri adından qədim və tarixi Quba torpağında salamlamaqdan məmnunluq duyuruq. Azərbaycan tarix boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə olmadan yaşadığı məmləkətdir. Bu gün ölkəmizdə tarixi ənənəyə söykənən multikulturalizm və tolerantlıq mühiti formalaşıb. Artıq Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və sərbəst hiss edir.
Ümumiyyətlə, əsrlər boyu bizim ölkədə tolerantlıq, multikulturalizm qorunub saxlanılıb və düşünürəm ki, bu, artıq Azərbaycan torpaqlarında doğulub, böyüyüb boya-başa çatan insanların qanına, geninə hopub. Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Fərqli tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurmuş və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri də formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.
Əminliklə qeyd etmək istərdim ki, Azərbaycanda həm dağ yəhudiləri, həm də Avropa yəhudiləri heç bir başqa ölkədə olmadığı kimi rahat yaşamaqdadırlar. Özü də bu yeni hadisə deyil, zəngin tarixi, ənənələri olan prosesdir. Sovetlər zamanında da Bakı və Azərbaycan yəhudilərin özünü ən xoşbəxt, ən təhlükəsiz hiss etdiyi doğma məkan idi. Təbii ki, Azərbaycanın övlad kimi qəbul etdiyi bu zəhmətkeş, ağıllı, qabiliyyətli insanlar da ölkənin inkişafına çox töhfələr verdilər və bu gün də həmin xidmətlərini davam etdirməkdədirlər.
Azərbaycanlılarla yəhudilər dostluq və mehribanlıq içində yaşayırlar. Biz özümüzü azərbaycanlı hesab edirik. Təsadüfi deyil ki, bizə Azərbaycan yəhudiləri deyirlər. Görün, Azərbaycanda nə qədər millətlərin nümayəndələri var. Onların hamısı bərabərhüquqlu vətəndaşlardır və çoxmillətli ailə kimi bir yerdə yaşayırlar. Tolerantlıq Azərbaycan xalqının daxilindən gəlir. Azərbaycan islam ölkəsidir və əhalisinin çox hissəsini müsəlmanlar təşkil edir. Amma bizim sinaqoqa bütün millətlərin nümayəndələri gəlir. Azərbaycana səfər edən digər dövlətlərin nümayəndələri bunu görəndə çox təəccüblənirlər. Ölkəmiz bütün dünyaya təkcə neft yox, həm də tolerantlıq ixrac edir. Məhz bütün bunlara görə yəhudi icması Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu tam dəstəkləyir.
Bir çox ölkələrdə multikulturalizm, tolerantlıq problemləri yaşansa da, Azərbaycan bu gün dünyaya bu məsələlərlə bağlı açıq nümunədir. Mən yəhudi millətinin mənsubu kimi özümü həm də azərbaycanlı sayıram və azərbaycanlı olduğuma görə fəxr edirəm.
Bəxtiyar SADIQOV:
- Hörmətli konfrans iştirakçıları.
Quba rayonunun timsalında göründüyü kimi, Azərbaycanda multikultural dəyərlər, dinlərarası dialoq və millətlərarası münasibətlər yüksək səviyyədədir. Ayrı-ayrı etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada, qədim zamanlarda olduğu kimi, mehribanlıq, dostluq, qardaşlıq mühitində yaşayırlar. Bu, bir daha göstərir ki, ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.
Konfransda qeyd olunduğu kimi, xalqımız məhz Ulu Öndər Heydər Əliyevin sayəsində tarix boyu daşıdığı multikultural və tolerant dəyərlərini inkişaf etdirmişdir. Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə bu sahədə həyata keçirilən uğurlu siyasəti nəticəsində Azərbaycanda bu dəyərlərin yeni keyfiyyət mərhələsinə yüksəlməsi göz önündədir. Bu mənada Azərbaycan beynəlxalq miqyasda təkcə karbohidrogen ehtiyatları ilə tanınmır. Enerji resursları ilə zəngin ölkəmiz, eyni zamanda, humanist dəyərlərə sadiq, tolerantlıq prinsiplərini dünyada yayan ölkə kimi fərqlənir.
Multikulturalizm və tolerant ənənələrə sadiqlik tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Bu cür yüksək milli keyfiyyətlərmizin insanlar tərəfindən daha dərindən mənimsənilməsinin bir səbəbi də Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətdir. Bu gün Azərbaycan vətəndaşlarının dilindən, dinindən və milliyyətindən asılı olmayaraq mütləq əksəriyyəti cənab Prezidentin ətrafında sıx birləşməklə bu siyasəti dəstəkləyir. Bu birlik bizi daha güclü, daha inamlı, daha qətiyyətli edir!
Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verdi. Bütün dünyaya göstərildi ki, multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Azərbaycan dövləti isə burada yaşayan bütün xalqların və dinlərin mehriban birgəyaşayışının yeganə təminatçısıdır.
Çox dəyərli çıxışlara görə hər birinizə təşəkkürümü bildirirəm və konfransı bağlı elan edirəm.
"Azərbaycan" qəzeti