Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
Qoşaminarəli məscid Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən 1908-ci ildə inşa etdirmişdir. Xalq arasında bu ibadət evinə “Murtuza Muxtarov məscidi” də deyirlər. İbadət zalının sahəsi 196, qadınlar üçün ayrılan ibadət yerinin sahəsi isə 84 kvadratmetrdir.
Aşağı hissəsi dairəvi pəncərələrdən ibarət olan günbəz daxildən hündür tağlı sütunlar üzərində dayanmışdır. İbadət zalının döşəmədən günbəzə qədər hündürlüyü 19 metrdir. Altı metr hündürlüyündə giriş qapısı vardır. Bakı və Abşeron kəndlərindəki digər məscidlərdən fərqli olaraq bu məscid iki minarəlidir. Minarələrin hər birinin hündürlüyü 47 metrdir. Məscidin mehrabının yuxarısındakı dairə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə şiə inancındakı 12 imama işarədir. Məscidin memarı Zivərbəy Əhmədbəyovdur.
Deyilənə görə, Murtuza Muxtarov tez-tez bu məscidə gələr, namaz qılıb dua edərmiş. Hətta o, İstanbulda xüsusi sifarişlə Qurani-Kərim hazırlatmış və məscidə hədiyyə etmişdir. Murtuza Muxtarov 1920-ci ildə Bakıda evinə soxulmuş bolşevik əsgərlərinə qarşı fədakarcasına vuruşaraq həlak olmuş və özünün tikdirdiyi bu məscidin həyətində torpağa tapşırılmışdır.