Müqəddəs Yelisey monastırı Xocavənd rayonu Çartar kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsidir. Monastır Çartar kəndinin cənubunda, yüksək dağlıq ərazidə yerləşir.
Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir. Kompleksin yeganə kilsəsi olan baş kilsə kitabələrdə Müqəddəs Yelisey kilsəsi adlandırılır. Qədim kilsənin iki sütun üzərində ucaldıldığından bəhs edilir. Qədim kilsənin inşaat tarixi dəqiq bilinmir. Monastır ərazisində aşkar edilmiş XII əsrə aid kitabədən məlum olur ki, bura, əyalətin ən mühüm ziyarətgahlarndan biri olmuşdur. Kitabədə kilsənin 1124-cü ildə Albaniyanın, həmçinin Gəncəsərin ilk katolikosu Müqəddəs Yeliseyin şərəfinə tikildiyi yazılır.
Güney Çartardakı kilsənin altarında yerləşdirilmiş epiqrafik yazıda monastırın 1236 -ci ilə “Xanımın şərəfinə” təmir edildiyi yazılır. Kitabədə kilsəni inşa edən “Usta Toni”nin adı qeyd edilib. XIX əsr müəllifi yazır ki, monastırda üzərində epiqrafik yazı olan qədim xaçdaş olub. Müəllif xaçdaşın kilsənin ətrafındakı başdaşından qoparılaraq bura gətirildiyini yazır. Üzərindəki yazılardan məlum olur ki, bu qədim xaçdaş Məlik Şahnəzərin nəslindən olan Mirzəxanın Güləsmər, Mumxanım, Nazlı və s. ibarət ailəsinin xatirə daşıymış. Verilən məlumata görə, xaçdaşın üzərində yazılır: Mən aqvan bu daşı öz ailəmin, xanımım Nazlının, oğul və qızlarımın xilası üçün ucaltdım. Məlumatdan bu da aydın olur ki, bölgənin, demək olar bütün kitabələrində alban (aqvan) ifadəsinə və türkmənşəli adlara rast gəlinir. Bu da, Qarabağın xristian alban nəsillərinin türk köklərindən xəbər verən mühüm faktlardandır.
Divarın ön hissəsindəki kitabədən isə bəlli olur ki, dağıdılmış qədim kilsənin yerində XVII əsrdə yeni kilsə tikilmişdir. Divar hörgüsündə qədim tikilinin çoxlu sayda qalıqlarından – xaçdaşlar, ornament və məişət səhnələri ilə bəzədilmiş plitələr, kitabəli daşlardan istifadə edilmişdir.
İki pilonu və tağtavanı ilə Müqəddəs Yelisey kilsəsi memarlıq baxımından son orta əsrlər dövrünün tipik xüsusiyyətlərinə malikdir. Altarın hər iki tərəfində düzbucaqlı formaya malik köməkçi otaqlar yerləşir. Divarlarda iç tərəfdən üç böyük niş vardır. Kilsənin yeganə giriş qapısı onun qərb divarında yerləşir. Tağlar, pilonlar, pəncərə və qapı çərçivələrinin inşasında yaxşı yonulmuş daşlardan istifadə edilmişdir. Digər divar yerlərinin hörgüsündə yonulmamış bazalt daşlarından istifadə olunub. Divar hörgüsündə həm də qədim tikilinin çoxlu sayda qalıqları – kvadrlar, xaçdaşlar, ornament və məişət səhnələri ilə bəzədilmiş plitələr, kitabəli daşlardan da istifadə edilmişdir. Kilsənin divarları daxildən əhəng məhlulu ilə suvanmış olsa da, suvaq dövrümüzə yalnız divarın bəzi hissələrində çatmışdır.
Monastırın içərisindəki qədim qəbir daşı əsas sitayiş yeri idi. Şam və ağcaqayın ağacları arasında yerləşən monastırın ətrafında zəngin ornamentli müxtəlif xaçdaşlar və qədim qəbir daşları olmuşdur.
XIX əsr müəllifi Quzey Çartar kəndindəki bu kilsədə incilin qədim əlyazması olduğundan bəhs edir. Əslində alban kilsələrində qorunub saxlanılan Alban incilləri yalnız dini rituallar üçün deyil, həm də Alban din xadimləri tərəfindən tərtib edilən bir növ tarixi salnamə olub, Alban kilsəsinin tarixinin öyrənilməsi və nəsildən-nəslə ötürülməsi üçün qiymətli mənbə rolunu oynayırdı. Xüsusilə də bu kitablardakı xatirə qeydləri alban tarixinın salnamələr şəklində yazılması ənənəsinin bir növ davamı idi və yazıldığı dövrü xarakterizə edən qiymətli mənbə idi. Alban kilsəsində aşkar edilən İncil kitabının səhifələrinə qeyd edilmiş xatirə yazılarından Alban Apostol Avtokefal Kilsəsinin XIX əsrə qədər müstəqil olduğu məlum olur. Xatirə yazıları sayəsində alban katolikoslarının fəaliyyətini XVIII əsrə qədər izləmək mümkün olmuşdur. Ona
görə də Çar hökumətinin fərmanı ilə 1836-cı ildə Alban Katolikosluğu ləğv edildikdən sonra monastırların fiziki olaraq məhv edilməsi, dağıdılması ilə yanaşı, alban monastırlarından hər şey, o cümlədən də belə xatirə qeydləri olan alban İncilləri müəmmalı şəkildə yox olmağa başlamışdı. Erməni kilsəsi səylə bütün üzərində xatirə yazıları olan alban İncillərini də məhv etməyə başladı. XIX əsrin sonunda alban İncilləri Qarabağın yalnız bəzi bölgələrində ayrı-ayrı kilsələrdə tək-tük qalmışdı. Belə xatirə yazılarının olduğu
İncilərdən biri də Çartar kəndindəki Müqəddəs Yelisey monastırında olmuşdur.