Tuğ kəndində Müqəddəs Stefan kilsəsindən təxminən 200 metr yuxarıda, dağın döşündə daha bir alban abidəsi Müqəddəs Məryəm kilsəsi yerləşir. Bu tarix-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Kilsə, Tuğ kəndinin şimal-qərb hissəsindəki qədim qəbirstanlıq ərazisində, hündür qoz ağacları ilə əhatə olunmuş sahədə yerləşir. Tuğun bu hissəsi yerli əhali tərəfindən Qızlar düzü adlandırılırdı. Yampolski yazır ki, XIX əsrdə Tuğ monastırında müqəddəs ağacların kəsilməsi katalikos tərfindən qadağan edilmişdi. Bunun uğursuzluq gətirəcəyinə inanırdılar. Kilsə digər alban kilsələri kimi daha qədim bir tikili üzərində inşa edilmişdir. Buradakı bir-birlərinə yaxın yerləşən kilsələr və hücrə qalıqları nə zamansa bu ərazidə mövcud olmuş monastıra daxil imiş.
Kilsə memarlıq baxımından tərəfləri 2x3 metr ölçüyə malik sadə düzbucaqlı zal-kilsə formasına malikdir. Demək olar ki, yarıya qədər yerin altında olduğu üçün kilsənin cənub divarındakı qapı vasitəsiylə içəri girmək mümkün deyil. İbadət zalı, apsida və köməkçi otaqlar da qismən yerin altında qalmışdır.
Kobud çapılmış daşlardan hörülmüş kilsənin arxa divarı bütövlükdə dağın içinə girib və tikilinin damı dağla birləşib. Digər divarlarının da çox hissəsi torpağın altında qalıb. Kilsənin yandan olan giriş qapısının üzərində xaçdaş var. Mehrabın (altar) ölçüsü bütün alban məbədlərində olduğu kimi 50-60 santimetr hündürlüyündədir. Kilsənin yaxınlığında çoxlu sayda rahib hücrələri və mülki tikililərin qalıqları, həmçinin məzar daşları vardı. Məbədin içərisində 3 məzar var. Kilsəsinin həyətində də çoxlu sayda qəbir daşları, sənduqələr yerləşir. “Burada Məlik Bahtamın (Dizaq mahalının məliyi Melik Yeqanın oglu – M.P.) məzarı yerləşir.