Müqəddəs Məryəm ana kilsəsi Xocavənd rayonunun Tağaser kənd ərazisində yerləşir. Kilsənin xarabalıqları Tağaser kəndinin qərbindəki təpənin üstündədir. Bu tarixi-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Abidə Köndələnçayın sağ sahilində Tuğ və Binə kəndləri yaxınlığında, Tağaser dağının zirvəsində, meşənin içərisində yerləşir. Xüsusi tarixi əhəmiyyətə malik bu ərazi vaxtilə Qarabağın inzibati idarə mərkəzlərindən biri olub. Məbəd Qafqaz Albaniyası dövrü memarlığının nadir nümunələrindən olan Ktişvəng qalasının yaxınlığında yerləşir.İnşaat kitabəsinə əsasən kilsənin 1635-ci ilində bərpa edildiyi müəyyən edilmişdir.
Kilsə iki inşaat kitabəsinə malik olmuşdur. Kitabələrin hər ikisi iç tərəfdən portal timpanına yerləşdirilmişdir. Kitabələrdən məlum olur ki, kilsə kənd sakinlərinin iştirakı ilə inşa edilmişdir. Bu kilsə vaxtilə mövcud olmuş daha qədim və daha kiçik ölçülü kilsə yaxınlığında inşa edilmişdir. Planda sadə düzbucaqlı formaya malik olan kilsə, 15x5.3 metr ölçülərə malikdir. İbadət zalının şərq hissəsində tağlı örtüyə malik altar apsidası və iki kiçik köməkçi otaq yerləşir. Tikili tamamilə yerli daşlardan inşa edilmişdi. Kompleksin şimal tərəfini əhatə etmiş müdafiə divarlarının yalnız qalıqları dövrümüzə çatmışdır.
Müqəddəs Məryəm ana kilsəsi dörd pilona malik bazilikadır. Kilsə narteksindən dövrümüzə yalnız yarıdağınıq kilsə binası qalmışdır. Böyük ölçülərə malik kilsə tağtavana və iki tərəfli dam örtüyünə malikdir. Şərq apsidasının hər iki tərəfində köməkçi otaqlar yerləşir. Divar hörgüsündə kobud yonulmuş bazalt daşlardan və əhəng məhlulundan istifadə edilmişdir. Adi daşlarla yanaşı hörgüdə qədim məzar daşları və xaçdaşlardan da istifadə edilib. Kilsənin cənub və qərb tərəflərində daha iki tikilinin xarabalıqları vardır. Təpə ətəyində yerləşən kilsə, tut və qoz bağları ilə əhatə olunmuşdur.