Ünvan: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsi, 2A.
Hələ 1912-ci ildə hazırkı Zərifə Əliyeva (vaxtilə Merkuryevskaya) və Rəşid Behbudov (vaxtilə Kaspiyskaya) küçələrinin kəsişməsində, neft maqnatı – Rılskilər ailəsi və məşhur neft mütəxəssisi, polşalı mesenat Vitold Zqlenitskinin maliyyə dəstəyi ilə (memarı polşalı İosif Kasperoviç Ploşko) “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu (polyak katolik kilsəsi) inşa edilmişdir. Sovet dövründə - 1934-cü ildə həmin kostyol dağıdılmış və onun yerində Dzerjinski adına klub (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi) tikilmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dini icmalara bərabər şərait yaradıldığı kimi katolik icmasına da qayğı göstərilmiş və Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün o vaxt bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi məqsədi ilə ərazi ayrılmışdır. Bu ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikanın nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-Katolik Kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilmişdir. Bir il sonra isə ölkəmizə səfər edən Roma-Katolik Kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, digər dini icmaların rəhbərləri ilə görüşmüş və daha sonra tikiləcək kilsənin təməlqoyma mərasimində bünövrəyə yerləşdiriləcək ilk daşı təqdis edərək xeyir-dua vermişdir.
Bolşeviklər tərəfindən uçurulan "Bakirə Müqəddəs Məryəm" kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşmışdır. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunmuşdur. 2007-ci ilin aprelində Roma-Katolik Kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudcerotti yeni kilsəni təqdis etmiş və ilk ibadəti həyata keçirmişdir.
Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutmuşdur. Açılış mərasimində dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri və xarici qonaqlar iştirak etmişdilər.