Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
“Multikulturalizm milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib
29 aprel 2016, 17:12
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində “Multikulturalizm milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə Zəngilan rayonunun müəllim və şagird kollektivləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev bu cür tədbirlərin önəmini vurğulayıb. O, bu tip tədbirlərin silsilə xarakter daşıyacağını vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elnur Kəlbizadə “Milli mənəvi-dəyərlər sistemimiz və qloballaşma” mövzusunda çıxış edərək milli-mənəvi dəyərlərin mahiyyəti, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli-mənəvi dəyərlər sistemimizin qorunmasındakı misilsiz xidmətlərindən bəhs edib.
Şöbənin əməkdaşı İsmayıl Cəfərov “Multikulturalizmin mahiyyəti və Azərbaycan multikulturalizmi” mövzusunda çıxış edib. İ.Cəfərov qeyd edib ki, multikulturalizm xalqımızın milli-mənəvi dəyərlər sisteminin tərkib hissəsidir və bu mənada 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi heç də təsadüfi deyil. Bu gün qloballaşan dünyaya Azərbaycan özünün multkulturalizm sistemi ilə örnəkdir.
Şöbənin məsləhətçisi Şahlar Məmmədov “Multikulturalizm radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda çıxışında multikultural cəmiyyət sisteminin olmadığı ölkələrdə radikalizmin törətdiyi fəsadlardan, etnik və dini qarşıdurmalardan nümunələr gətirib. Radikalizmin fəsadlarından geniş bəhs edən natiq radikalizmlə ilahi dinlərin gerçək mahiyyətinin uyğun olmadığını da diqqətə çatdırılıb.
Çıxış edən məktəb direktorları və müəllimlər tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.