Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Cəlilabadda maarifləndirmə tədbiri keçirilib.
“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusuna həsr olunan seminarı giriş sözü ilə açan Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov bildirib ki, multikulturalizm və tolerantlıq tarixən və bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Vurğulayıb ki, dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl və düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan və bir sıra dünya ölkələri tərəfindən ayrı-ayrı millətlərin və müxtəlif dini konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.
Rayonun idarə və müəssisələrində, təhsil, mədəniyyət, səhiyyə ocaqlarında çalışan qadınların, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə heyətinin qatıldığı seminarda çıxış edən Komitənin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva maarifləndirmə tədbirinin əhəmiyyətinə diqqət çəkərək ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib, multikulturalizmin xalqımızın həyat tərzini təşkil etdiyini vurğulayıblar. Həmçinin məruzələrdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib. Qeyd olunub ki, tarix boyu ortaya çıxan müəyyən münaqişələr insanlara din adı ilə təqdim olunub. Amma, belə bir yanaşma, əslində İslamın özünəməxsus həqiqətlərinin ortaya çıxmasına maneə təşkil edir.
Məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlərə toxunulan çıxışlarda vurğulanıb ki, bu kimi mənfi tendensiyaların qarşısının alınmasında ən önəmli vasitə dini savadlılığın artırılması, xüsusilə yeniyetmə və azyaşlıların məzhəblərarası münasibətlərə təhdid yaradacaq informasiya mühitinin təsirindən qorumaqdır.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilən və müzakirə edilən mövzuların mahiyyətindən bəhs edən “Dövlət və din”, “Könüllülər hərəkatı və dini icmalar”, “Din və sosial media” adlı videoçarxlar nümayiş olunub. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.